BƏƏ-nin Fujayra şəhərində yerləşən neft anbarı İranın pilotsuz uçuş aparatının hücumundan sonra yanmağa başlayıb.
Musavat.com xəbər verir ki, SEPAH Omanın Salalah şəhərində yerləşən Risat limanına da zərbə endirib.
Hücumun miqyası və nəticələri barədə rəsmi açıqlama verilməyib.
Eyni zamanda, İordaniyanın paytaxtı Amman şəhərində təxminən bir saat ərzində hava hücumu sirenaları fasiləsiz səslənib.
İsrail mediası İranın dörd ballistik raketinin İordaniya üzərində, həmçinin Qüds və Qərb Şəriyə yaxınlığında zərərsizləşdirildiyini bildirib.
Enerji sektorunda da vəziyyət gərgin olaraq qalır. "QatarEnergy" şirkəti Ras Laffan və Mesaieed sənaye zonalarındakı obyektlərinə hərbi hücumlardan sonra bəzi kimya, neft-kimya və neft emalı əməliyyatlarını dayandırdığını açıqlayıb.
Qətər Xarici İşlər Nazirliyi isə bildirib ki, 8 mindən çox insan əmirliyin tranzit zonalarında qalıb, digər şəxslər turist gəmilərində yerləşdirilib. Rəsmi məlumata əsasən, onların hamısı təhlükəsiz yerdədir.
Küveyt Xarici İşlər Nazirliyi İranın ölkədəki ABŞ səfirliyinə hücumunu qətiyyətlə pisləyərək bunu “beynəlxalq norma və qanunların kobud şəkildə pozulması” kimi qiymətləndirib.
Son məlumatlara görə, İranın qəlpə başlıqlı raketi İsrailin mərkəzində yerləşən Petah Tikva şəhərinə zərbə endirib. Tələfat barədə hələlik rəsmi məlumat verilməyib.
İsrail Müdafiə Qüvvələri (İDF) isə İran ərazisindən yeni ballistik raket atışlarının qeydə alındığını açıqlayıb. Tezliklə İsraildə yenidən hava həyəcan siqnallarının veriləcəyi istisna olunmur.
Musavat.com






