İsveçrənin müdafiə naziri Martin Pfister ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Musavat.com xəbər verir ki, nazir bu barədə açıqlamasında Vaşinqton və Təl-Əvivin hərəkətlərini sərt şəkildə tənqid edib.
Pfister bildirib ki, ABŞ və İsrail İrana havadan zərbələr endirməklə beynəlxalq hüququ pozub. Onun sözlərinə görə, belə addımlar regionda gərginliyi daha da artırır və münaqişənin genişlənməsi riskini yüksəldir.
“ABŞ və İsrail İrana havadan hücum edib. Bu addımı atmaqla onlar da İran kimi beynəlxalq hüququ pozublar”, – deyə İsveçrənin müdafiə naziri qeyd edib.
Məlumata görə, İsveçrə hökuməti də bu mövqeni bölüşür və tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırır. Rəsmi Bern regionda vəziyyətin daha da kəskinləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Musavat.com






