Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova parlament iclasında ölkədə çoxdan narahatlıq doğuran bir problemi yenidən gündəmə gətirib. Onun sözlərinə görə, görülən işlərə, sərtləşdirilən qanunvericiliyə baxmayaraq, hələ də zorakılığa məruz qalan qadınlar, erkən nikaha məcbur edilən qızlar var. Komitə sədri bildirib ki, bu, təkcə bir ailənin daxili problemi deyil, bütün cəmiyyət üçün təhlükə mənbəyidir.
Rəsmi göstəricilər də vəziyyətin düşündüyümüzdən ağır olduğunu təsdiqləyir. 2024-cü ildə Azərbaycanda 18 yaşdan aşağı analar tərəfindən dünyaya gətirilən uşaqların sayı 1279-dur. Ondan əvvəlki il bu rəqəm 1742 idi. Rəqəmlərdə müəyyən azalma olsa da, problem hələ də ciddi olaraq qalır. Üstəlik, bu göstəricilər yalnız rəsmi qeydiyyata düşənlərdir. Azərbaycanda yüzlərlə dini kəbinlə, rəsmi nikahsız qurulan izdivac var ki, onların heç biri statistikaya düşmür.
Erkən nikah və uşaqlıqda ana olma hallarının ən çox qeydə alındığı rayonlar da bəllidir. Mərkəzi Aran bölgəsində - Yevlax, Ucar, Kürdəmir xəttində vəziyyət xüsusilə ağırdır. Qarabağ bölgəsi -Ağcabədi, Bərdə eyni şəkildə risk zonasındadır. Qazax-Tovuz istiqamətində Şəmkir, Gədəbəy, Tovuz bu problemdə ön sıralardadır. Lənkəran-Astara və Mil-Muğan bölgələri də illərdir erkən nikah statistikasında geri qalmır. Yalnız bir neçə rayon üzrə erkən doğuşların sayı 150-dən çoxdur.
Bu rəqəmlərin arxasında 12, 13, 14 yaşında zorla ərə verilmiş uşaqlar dayanır. Onların çoxu təhsildən qopur, tam formalaşmadan ana olurlar, psixoloji, fiziki zorakılığın içində yaşayırlar. Ailələr isə çox vaxt bunu “qız uşağını qorumaq”, “adət-ənənəyə uyğun davranmaq” kimi təqdim edirlər.
Cinayət Məcəlləsində yetkinlik yaşına çatmamış şəxsi ailə qurmağa məcbur etməyin cəzası 3-4 min manat cərimə və ya 4 ilə qədər həbsdir. Lakin praktika göstərir ki, bu cəzaların tətbiq mexanizmi zəifdir. Çoxları məsuliyyətə cəlb olunmur, çünki faktın aşkarlanmasında çətinlik var, cəmiyyət də bunu “ailədaxili məsələ” kimi ört-basdır etməyə üstünlük verir.

Kəmalə Ağazadə
Mövzu ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a danışıb. O bildirib ki, zorla ərə verilmə hallarının qarşısının alınması üçün keçirilən preventiv tədbirlər kifayət qədər səmərəli deyil: “Biz nə qədər ki, bu tədbirləri bahalı konfrans zallarında, inzibati binalarda zorakılıqla əlaqəsi olmayan adamlarla keçiririk, əlbəttə, bunun effekti olmayacaq. Biz birbaşa hədəflərlə işləməliyik. Hədəflər isə ucqar kəndlər və diqqətdən kənar qalan rayonlardadır. Bu yerlərdə maariflənmə işləri ya aparılmır, ya da çox zəif aparılır. Azərbaycanda insanlar erkən evlilik və zorla ərə verilmə hallarına şahidlik etsələr də, çox vaxt susurlar. Buna görə də mütəmadi olaraq mübarizə aparmalıyıq. Davamlı olaraq cərimələr tətbiq edilməli və bu, nümayişkaranə olmalıdır. İnsanlar bilir ki, toyuna getdiyi qız azyaşlıdır və zorla ərə verilir, buna baxmayaraq, həmin məclisdə qol qaldırıb oynayırlar və sağlıq deyirlər. Toy sahibi, valideynlərlə bərabər, azyaşlıların toyuna gedən qonaqlar da cərimələnməli və ya cəzalandırılmalıdır. Çünki qonaqlar bilirlər ki, ərə verilən azyaşlıdır və bu, qanunla qadağandır. Həmçinin ictimai qınağı çox ciddi şəkildə formalaşdırmaq lazımdır”.
K.Ağazadə deyir ki, maarifləndirmə tədbirləri azyaşlı qızlardan əlavə valideynlərlə də keçirilməlidir: “Qızları toplayıb "bunu etmək olmaz" deməklə iş bitmir. Biz bu mövzunu analar, atalar və oğlanlarla da işləməliyik. Hər dəfə erkən evlilik, zorla ərə verilmə məsələsi qızlarla görüşdən o tərəfə keçmir. Biz oğlanlarla işləməliyik, onların diqqətini yönəltməliyik ki, oğlum, erkən evlilik olmaz, ailə qurduğun qızın yaşını nəzərə almalısan. Biz qızları maarifləndiririk, ancaq iş bununla bitmir. Bu işdə bütün tərəflərlə çox ciddi maarifləndirmə aparılmalı, cəzalar sərtləşdirilməlidir".

Lalə Mehralı
Sosioloq Lalə Mehralı bildirib ki, bu məsələdə ictimai qınaq güclü olmalıdır: “Qonşuda, qohumda, tanıdığımız ailələrdə erkən nikah ehtimalı varsa, buna hazırlıq aparılırsa, ictimaiyyət olaraq buna qarşı çıxmalı, əlaqədar qurumlar xəbərdar edilməlidir. Hər bir vəzifə sahibi, məmur, öhdəsinə düşən işi icra etməlidir. Məktəb də buna görə cavabdehdir, yerli icraedici orqanlar da. Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər, əlaqədar qurumları xəbərdar etməyənlər də cəzalanmalıdır.
Problemin qarşısının alınmasına məsul orqanlar maarifləndirici tədbirləri ev-ev, qapı-qapı gəzərək həyata keçirməlidir. İnsanları məlumatlandırmaq vacibdir ki, hansı məsuliyyəti daşıyacaqlarını bilsinlər.
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, qızlar 18 yaşına qədər ana olmaq iqtidarında deyillər. Burada orqanizmin fiziki və psixoloji hazırlığı məsələsi nəzərə alınır, çünki 14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif psixi və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Məlumat üçün bildirək ki, son bir neçə ildə 15-18 yaşlı qızların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”






