Azərbaycan ilə Özbəkistan arasında cinayətkarlığa qarşı mübarizə sahəsində hüquqi əməkdaşlıq çərçivəsində beynəlxalq axtarışda olan iki Özbəkistan vətəndaşı ekstradisiya olunub.
Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatətləri əsasında 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviç cinayət məsuliyyətinə cəlb edilmələri üçün Azərbaycan tərəfindən Özbəkistana təhvil veriliblər.
Bildirilib ki, hər iki şəxs Özbəkistanda qabaqcadan əlbir olan bir qrupun tərkibində öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, eləcə də ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməkdə təqsirləndirilirlər. Bu səbəbdən onlar beynəlxalq axtarışa elan olunmuşdular.
Təqsirləndirilən şəxslər 2026-cı ilin aprel ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun məlumatına əsasən, ekstradisiya prosesi "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın müddəalarına uyğun həyata keçirilib. Qəbul edilən qərarlardan sonra saxlanılan şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.
Baş Prokurorluq vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasında cinayətkarlığa qarşı mübarizə və hüquqi əməkdaşlıq uğurla davam etdirilir.
E.Məmmədəliyev,
Musavat.com






