Paytaxt sakinləri artıq bir neçə gündür Dənizkənarı Bulvarın üstündə qurulan bayram işıqları, dekorativ fiqurlar və xüsusi tərtibatlı guşələrə axışır. Bulvar İdarəsi bu il Yeni İl yarmarkasını adi bayram satış nöqtəsi kimi deyil, tamamilə yeni ovqat yaradan böyük bir qış layihəsi kimi təqdim edib. Əraziyə ilk addım atan kimi insanı qarşılayan görüntü sanki kiçik bir qış şəhərciyidir – işıqların parlaqlığı, dekorların rəng çalarını dəyişən effekti, fotozonaların bolluğu və əlbəttə, isti içkilərin ətri.
Yarmarkada ticarət çadırları sıralanır. Burada alkoqolsuz içkilərdən tutmuş müxtəlif ölkələrin şirniyyatlarına, dönərdən balıqlı sendviçə qədər hər şey tapmaq mümkündür. Lakin bir detal dəyişməz qalır: qiymətlər bulvarın mərkəzi mövqeyi ilə uyğunlaşır. Məsələn, şəhərin kənarında 4-5 manata satılan balıq bükməsi burada 9 manata təklif olunur. Bubble tea-nın qiyməti növündən asılı olaraq 8 manatdan 8 manat 40 qəpiyə qədər dəyişir. Xırtaxırt kartoflar 4 manata, kalmar halqaları isə 9 manata başa gəlir.
Satıcılarla söhbət zamanı hiss olunur ki, heç kim bundan narazı deyil – turistlərin və şəhər sakinlərinin marağı qiymətləri “bağışladır”. Gənc bir satıcı gülümsəyərək deyir: “Bura bulvardır, bayram vaxtı isə qiymətləri heç kim soruşmur. Hər kəs şəkil çəkdirir, nəsə alır, əhval üçün gəlir”.
Amma bu il ən böyük diqqət yarmarkanın içindəki yeniliyə – Bakıda ilk dəfə açıq havada qurulan buz meydançasına yönəlib. “Dinamo” ərazisində yerləşən meydança həm uşaqların, həm də gənclərin sevimli məkanına çevrilib. ÜNNA Studio tərəfindən qurulan, Nargis Fondunun təşəbbüsü ilə həyata keçirilən layihə bulvarın qış mövsümünə tam yeni dinamika gətirib.
Meydançaya yaxınlaşan kimi əyləncənin səsi eşidilir – bir küncdə ilk dəfə konkiyə qalxan övladına kömək edən valideyn, digər tərəfdə yıxılıb gülən gənclər, arxada isə telefonları ilə görüntü götürən turistlər. Qiymətlər isə belədir: yarım saat – 16 manat, bir saat – 25 manat. Əraziyə nəzarət edən təlimçilər yeni başlayanlara məsləhətlər verir, onların ilk addımlarını müşayiət edir. Təlimçi Marat adlı gənc deyir: “Bu, passiv buzdur, üstü daim yağlanır. Ona görə düşmək qorxulu deyil, sürüşmə isə rahatdır”.
Təxminən 750 kvadratmetrlik sahəni əhatə edən meydança beynəlxalq təhlükəsizlik standartlarına uyğun hazırlanıb. Meydançanın işıqlandırılması və dekorları isə onu günün qaranlıq vaxtlarında xüsusilə cazibədar edir – sanki bulvarın fonunda ikinci bir bayram səhnəsi yaranır.
Bu il bulvardakı Yeni İl yarmarkası sadəcə alış-veriş məkanı deyil, eyni zamanda paytaxtın qış atmosferini formalaşdıran əsas ictimai mərkəzə çevrilib. İnsanlar buraya gəzməyə, şəkil çəkdirməyə, isti içki içməyə və bayramın havasını yaşamağa gəlir. Bir sözlə, bulvar artıq təkcə qışın soyuğunu yox, həm də Yeni ilin istiliyini hiss etdirir.
Bu “qış şəhərciyi”nə daxil olan hər kəs özünü böyük bir bayram səhnəsinin içində tapır – elə bulvar rəhbərliyinin yaratmaq istədiyi ab-hava da məhz budur.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Musavat.com






