Qətər təhlükəsizlik qüvvələri "Al Jazeera" telekanalının iki tanınmış analitikini – Fatimə əs-Səmadi və Səid Ziyadı hazırda davam edən münaqişədə İranı dəstəkləmək ittihamı ilə həbs edib.
Musavat.com xəbər verir ki, Yaxın Şərq mediasının yaydığı məlumata görə, hər iki ekspert rəsmi Dohanın xarici siyasət kursuna zidd olaraq Tehranın maraqlarını müdafiə etməkdə şübhəli bilinir.
Həbslərin detalları və səbəbləri:
Fatimə əs-Səmadi: "Al Jazeera" Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı olan əs-Səmadi İran mövzusu üzrə ixtisaslaşıb və Tehranın Əllamə Təbatəbai Universitetinin doktorluq dərəcəsinə malikdir. Məlumata görə, onun "X" sosial şəbəkə hesabı bloklanıb. Həbsinə əsas səbəb kimi İsrailin zərbəsi nəticəsində həlak olan İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani haqqında yazdığı müsbət rəylər və onu "şəhid" kimi təqdim etməsi göstərilir.
Səid Ziyad: Telekanalın digər hərbi-siyasi analitiki Səid Ziyad da İran meyilli çıxışlarına və regional münaqişədə SEPAH-ın taktikasını açıq şəkildə təqdir etdiyinə görə saxlanılıb.
Mona Hava: "Al Jazeera"dan bir müddət əvvəl Suriyadakı Əl-Colani hökumətini tənqid etdiyi üçün qovulan fələstinli jurnalist Mona Hava da bu əməliyyat çərçivəsində həbs edilib.
Qətər hakimiyyəti bu addımı ilə ölkənin əsas media orqanında İranın "yumşaq gücü"nün qarşısını almağı və beynəlxalq koalisiya ilə münasibətləri qorumağı hədəfləyir. Xüsusilə İranın Qətər qaz zavodlarına endirdiyi zərbələrdən sonra Dohada Tehran rejiminə rəğbət bəsləyən şəxslərə qarşı "təmizləmə" əməliyyatlarının daha da sərtləşəcəyi gözlənilir. Ekspertlər hesab edirlər ki, bu həbslər Qətərin artıq İranla münasibətlərdə "neytral vasitəçi" rolundan uzaqlaşaraq daha kəskin təhlükəsizlik tədbirlərinə əl atdığının sübutudur.
Musavat.com






