Latviya Rusiya ilə sərhəd boyunca 280 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə LSM məlumat yayıb.
Dekabr ayında Latviya və Rusiya sərhədində 280 km-lik son bölmələr tamamlanıb. Hasarın tikintisi bir neçə il davam edib və ölkənin milli təhlükəsizlik sahəsindəki ən böyük infrastruktur layihələrindən biri sayılırdı.
Ümumi büdcə 166 milyon avro təşkil edib və işlərdə altı podratçı şirkət iştirak edib. Xüsusilə bataqlıqlı ərazilərdə tikinti prosesi çətin olub və hasar faktiki olaraq ponton üzərində quraşdırılmalı olub.
Gələn il isə sərhəd patrulçuluğu və texniki nəzarət üçün əlavə infrastruktur üçün 20 milyon avro vəsait ayrılacaq. Bu işlərin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Hazırda sərhədçilər və Daxili İşlər Nazirliyi tamamlanmış hasarı birgə yoxlayır və keyfiyyətini qiymətləndirirlər.
Sərhəd xidmətindən bildirilib ki, Latviya-Rusiya sərhədində vəziyyət ümumilikdə stabildir, lakin qanunsuz keçid halları nadir də olsa baş verir. Sərhədçilərin sözlərinə görə, hasarın qurulması onların işini xeyli asanlaşdırıb.
Qeyd edək ki, Latviya Belarusiya ilə sərhəddə 145 km-lik hasarı artıq 2024-cü ilin yayında tamamlayıb.
Eyni zamanda, Finlandiya Laplandiyada Rusiya ilə sərhəddə 8 km-lik hasarı inşa etməyə davam edir.
Musavat.com






