"Fransa Prezidenti Emmanuel Makron qalmaqallı təklif irəli sürüb. O, Çin lideri Si Cinpini 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə dəvət etməyi planlaşdırır. Ancaq Makron bu dəvətlə bağlı təkbaşına qərar verı bilməz".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edir ki, Fransa Prezidenti bu məsələni “böyük yeddilərin” digər üzvləri ilə müzakirə etməlidir:
"Məsələn, “böyük yeddilərin” üzvləri olan ABŞ və Yaponiyanın Makronun təklifinə müsbət cavab verəcəyi sual doğurur. ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə ticarət mövzusunu yoluna qoysa da, Ağ Ev sahibinin çinli həmkarıyla eyni siyasi klubda yer almasına razılaşacağı çətindir. Tramp son zamanlara qədər Avropa dövlətlərindən Çin məhsullarına qarşı gömrük rüsumlarını artırmağı tələb edirdi. Yaponiya isə Çinin bölgədə artan hərbi gücündən narahatdır. Avropa İttifaqı dövlətləri içərisində də Çinin G7 sammitinə qatılması perspektivinə şübhəylə yanaşanlar olacaq.
Emmanuel Makronun Fransada keçiriləcək G7 sammitinə Çin lideri Si Cinpini dəvət etməsi beynəlxalq aləmdə yaranan vəziyyətlə bağlıdır. Qərb ölkələri Pekini yola gətirməyə çalışırlar. Çin “böyük yeddilərin” üzvü deyil. SSRİ dağıldıqdan sonra Rusiya “böyük yeddiliyə” daxil edilərək format “böyük səkkizlərə” çevrilmişdi. “Böyük səkkizlər” klubu 1998-ci ildən 2014-cü ilə qədər fəaliyyət göstərib. Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra qurumdan uzaqlaşdırıldı və “böyük səkkizlər” yenidən “böyük yeddilərə” çevrildi. Görünür, Qərbdə bəziləri hesab edir ki, Çin “böyük yeddilərdə” Rusiyanı əvəz edə bilər.
Rusiya və Çin ittifaq qurublar. Bu Qərb ölkələrini narahat edir. Vaşinqton və Brüssel çox çalışdılar ki, Çin Rusiyaya təsir edərək Ukrayna müharibəsini dayandırsın. Ancaq Pekin Rusiya-Ukrayna müharibənin dayandırılması üçün heç nə etmədi. Buna baxmayaraq, Vaşinqton və Brüssel Çini Rusiyadan qoparmağa çalışırlar. Çünki, Qərb ölkələrində hesab edirlər ki, Çinin dəstəyi olmadan Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirə bilməz. Çinin “böyük yeddilərin” növbəti toplantısında dəvət olunması bununla bağlıdır. Əlbəttə, bu o demək deyil ki, “böyük yeddilər” Çinin işitrakı ilə “böyük səkkizlərə” çevriləcək. “Böyük yeddilərə” daxil olan ölkələr Si Cinpini inandırmağa çalışacaqlar ki, Ukrayna müharibəsini dayandırmaq üçün Rusiyaya təsir etmək lazımdır. Si Cinpin Makronun dəvətini qəbul edərək, 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə qatılacaq. Ancaq, bu Çinin xarici və təhlükəsizlik siyasətinə təsir etməyəcək".
Xalidə Gəray
Musavat.com






