2026-cı il FIFA Dünya Kubokunda Norveç millisinin heyətində çıxış edən 25 yaşlı hücumçu Erlinq Holann 7 qol vuraraq komandasının dörddəbir finala yüksəlməsində əsas rol oynayıb. Boyu 1,95 metr olan Holann sürəti və enerjisi ilə futbolsevərləri bir daha heyran edib.
Musavat.com xəbər verir ki, “The Sun” nəşrinin yaydığı məlumata görə, norveçli futbolçunun gündəlik rejimi və qidalanma proqramı idman elminin prinsiplərinə uyğun şəkildə planlaşdırılır.
Erlinq Holann hər gün təxminən 6 min kalori qəbul edir və bunu 6 əsas qida qəbulu vasitəsilə təmin edir. Onun menyusunun əsasını yüksək zülallı və təbii məhsullar təşkil edir.
Gündəlik rasionunda aşağıdakılar yer alır: mal əti, toyuq əti, balıq, yumurta, makaron, müxtəlif tərəvəzlər, çiy süd, bal.
Bundan əlavə, Holann şəkərli qəlyanaltılardan demək olar ki, tamamilə uzaq durur və əsasən su içməyə üstünlük verir.
O, bərpanın ən vacib hissəsinin keyfiyyətli yuxu olduğunu düşünür. Buna görə də axşam saatlarında xüsusi mavi işıq əleyhinə eynəklərdən istifadə edir. Bundan başqa, yuxu zamanı yalnız burun vasitəsilə nəfəs almağı təmin etmək məqsədilə dodaqlarını xüsusi tibbi bantla bağlayaraq yatır. Bu üsulun daha rahat nəfəs almağa və yuxu keyfiyyətini artırmağa kömək etdiyinə inanılır.
Erlinq Holann fiziki formasını qorumaq üçün meydandan kənarda da intensiv məşqlər edir. Ağır məşqlərdən və oyunlardan sonra isə əzələlərinin daha tez bərpası üçün mütəmadi olaraq buz vannası qəbul edir, ardınca saunadan istifadə edir.
Holannın qeyri-adi qidalanma rejimi, ciddi məşq proqramı və nizamlı həyat tərzi onun dünya futbolunun ən güclü hücumçularından biri olmasının əsas səbəblərindən biri kimi qiymətləndirilir.
Musavat.com






