“Ənənəvi media mötəbərliyini saxlamalıdır. İnsanlar sosial mediadan sürətli xəbər ala bilirlər, amma burada çirkli bir mühit yaranır. Bizim xəbər toplama və yayma alətlərimiz, dünya dəyişib, bir inqilab baş verib demək olar ki”.
Musavat.com xəbər verir ki, bu sözləri REAL TV-yə müsahibəsində "Yeni Müsavat" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu IV Şuşa Qlobal Media forumu ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, keçirilən qlobal media forumları və mühüm platformalar dünya mediasının diqqət mərkəzindədir: "Mən dördündə də iştirak etmişəm, bu gün də iştirak etməkdə davam edirəm. Hər dördü bir-birindən fərqlənir və sanki daha yüksək bir nəticə göstərir. Hər dördünün ümumi, demək, ümumiləşdirsək, orada bir xətt ortaya çıxır: dünyanın ən önəmli media quruluşlarından gələn jurnalistlər, ən böyük şirkətlərinin ekspertlərinin iştirakı ilə aparılan müzakirələrdə o dünya gücünü təmsil edən media Azərbaycan dövlətinin başçısına birbaşa açıqlama ala bilir, öz suallarını verir. Beyinlərində, fikirlərində nə varsa o sualı verir, o cavabı ən mötəbər mənbədən alır. Və bu cavablar yol xəritəsidir həm də - regionla bağlı, dünyada baş verən qlobal proseslərlə bağlı, müharibələrlə bağlı, təhdidlərlə bağlı bütün suallar əhatəli şəkildə cavablandırılır və bir yol xəritəsi, Azərbaycan üçün dəyişən dünyada yol xəritəsi şəklində dünyaya təqdim olunur. Ötən il mənim yadımdadır, cənab Prezidentin açıqlamalarını hətta Donald Tramp özünün sosial media hesabında paylaşdı. Əminəm ki, bu dəfə də belə olacaqdır. Çünki Azərbaycan Prezidenti öz açıqlaması ilə dünya güclərinin bir-birinə münasibətinə, Azərbaycana münasibətə, regiona münasibətə təsir edə bilir".
Rauf Arifoğlu qeyd edib ki, media sahəsində böyük bir inqilab baş verib və bu mühitdə ənənəvi medianın üzərinə böyük məsuliyyət düşür: "Biz artıq fərqli kommunikasiya davranışı və mədəniyyəti göstəririk. Bizim xəbər toplama və yayma alətlərimiz dəyişib. Ənənəvi media mötəbərliyini saxlamalıdır. Əsas budur. İnsanlar sosial mediadan sürətli xəbər ala bilirlər, amma burada çirkli bir mühit yaranır. Bu baxımdan da ənənəvi media burada birinci mötəbərlik əmsalını saxlamalıdır. Yəni bilməlidirlər ki, bu TV-də, bu saytda, bu ənənəvi mediada yalan yoxdur. İkincisi, transformasiya lazımdır. Ənənəvi media sosial media seqmentində özünün hesablarını yaratmalı və orada güclü olmalıdır. Bu platformadan vitrin kimi, yayım aləti kimi istifadə etməlidir. Məsələn, bizim qəzetimizin tirajı 1500-dür, amma bizim TikTok platformamızda abunəmizin sayı 938 100-dür. Bir milyona yaxınlaşmışıq. Biz bunu görürük ki, bu daha geniş imkanlar yaradır. O cümlədən Real TV çox gözəl şəkildə Facebook-a sintez olunub. Zaman budur. Başqa yolumuz yoxdur bizim".
O, vurğulayıb ki, yayılan saxta xəbərlərin qarşısını almaq üçün ilk mənbələrin operativliyi və rəsmi izahatların əlçatanlığı mütləqdir: "Biz mübarizə aparmalıyik dezinformasiya ilə deyə-deyə o platformalarda güclənməliyik. Və bu çıxış yollarından biridir. Birinci dezinformasiyalara qarşı mübarizənin birinci şərti mötəbər, həmin sahə üzrə mötəbər şəxslərin, birinci şəxslərin informasiya məkanına məhsul göndərməsidir. Ya təkzib etməsi, yaxud izahat verməsi, o da əlçatan olmalıdır. Yəni onların mütəhərrikliyi çox önəmlidir. İlk mənbələrin, medianın mütəhərrikliyi qədər. İlk anda dezinformasiya çox böyük dalğada yayılır, onun təkzibi 10 dəfə az, bəlkə də 20 dəfə az yayılır. Bax, o yayılma dalğasında dərhal o, birinci əldən təkzib olunmalı və ya izahat verilməlidir. Yaxud da daha cazib şəkildə onun belə olmadığı informasiya məkanına çıxmalıdır. Gələn dezinformasiya kontenti qədər də ona qarşı mötəbər informasiya çıxmalıdır. Ən önəmli budur".
Msuavat.com






