İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-da böyük hesablaşma: Türkiyə ABŞ və müttəfiqlərindən nə istəyəcək?

735 07.07.2026 22:39 Analitika A A

“Uzun illərdən sonra NATO sammiti Ankarada keçirilir. Bizim gözləntimiz odur ki, Türkiyə dövlət və strateji maraqlarına xidmət edən üstünlüklər əldə etməlidir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib. O, hesab edir ki, bu sammitin həm görüşlərində, həm də yekun bəyanatında Türkiyənin NATO üzvü kimi maraqlarının qorunmasına dair konkret müddəalar yer almalıdır:

“Türkiyənin gələcəkdə regionda daha da möhkəmlənməsi üçün müvafiq addımların atılmasına dair qərarlar verilməlidir. Belə olduğu təqdirdə, bu sammiti Türkiyə üçün tarixi və ən azı yaxın onilliklər baxımından əhəmiyyətli hesab etmək olar. Amma unutmaq olmaz ki, NATO monolit qurum deyil. Son 20 il ərzində bu proses daha da güclənib. NATO-ya üzv olan ölkələr arasında o qədər də müsbət münasibətlər yoxdur. Xüsusilə, Türkiyə-Yunanıstan münasibətlərini qeyd etmək olar. NATO-nun əsas üzvlərindən olan ABŞ-nin bu məsələdə Türkiyəyə qarşı ayrı-seçkilik etməsini də vurğulamaq lazımdır. Məsələn, ABŞ Türkiyəni hava hücumundan müdafiə sistemləri ilə təmin etmir, bu sistemlərin Türkiyədə istehsalına dəstək vermir və F-35 təyyarələrinin verilməsini dayandırıb. Bütün bunlar müəyyən problemlər yaradır və Türkiyəyə münasibətdə səmimiyyətin olmadığını göstərir”.

Ekspert qeyd edib ki, NATO siyasi maraqları birləşdirən hərbi birlikdir, belə olan halda, üzv ölkələrin hər biri hərbi potensialın gücləndirilməsinə xidmət edən addımlar atmalıdır:

“Təəssüf ki, Türkiyə Yaxın Şərqdə baş verən proseslərin demək olar ki, hər birində bu və ya digər formada zərər çəkir və konkret təhlükələrlə üz-üzə qalır. Rusiya-Ukrayna müharibəsi, ABŞ-İsrai-İran qarşıdurması, eləcə də Yaxın Şərqdə baş verən digər gərginliklər fonunda Türkiyə öz daxili imkanları hesabına müdafiə sənayesinin inkişafına töhfə verir və ordusunun gücləndirilməsi istiqamətində ciddi addımlar atır. Lakin NATO-nun aparıcı ölkələri bu prosesdə Türkiyəyə lazımi dəstəyi vermirlər. Digər tərəfdən, NATO-nun əsas üzvlərindən biri olan ABŞ-nin hərbi-strateji tərəfdaşı İsrail Türkiyəyə qarşı əsassız və zərərli siyasi proseslərə rəvac verir, müxtəlif kontekstlərdə hədələr səsləndirir. Açıq etiraf etmək lazımdır ki, İsrailin bəzi istiqamətlər üzrə hərbi imkanları hazırda Türkiyədən üstündür. Bunun əsas səbəbi ABŞ faktorudur. ABŞ İsraili faktiki olaraq regionda hərbi dayağa çevirib, onu müasir silahlarla, elmi-texniki baza və qabaqcıl texnologiyalarla təmin edib. Məlumdur ki, İsrail və Türkiyə arasında gərgin münasibətlər mövcuddur. Bu iki ölkə Suriyada və ya başqa bir bölgədə qarşı-qarşıya gələ bilər. Belə bir qarşıdurma isə daha aqressiv addımların atılmasına səbəb ola bilər. 1978-ci ildə heç kim ağlına gətirməzdi ki, İsrail nə vaxtsa İrana raket zərbələri endirmək qərarı verəcək. Lakin sonrakı dövrdə bu baş verdi. Türkiyənin hərbi potensialının gücləndirilməsində NATO-nun aparıcı üzvləri olan ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və digər dövlətlər xüsusi rol oynamalıdırlar. Təəssüf ki, bu istiqamətdə ciddi problemlər mövcuddur. Hesab edirəm ki, NATO sammiti siyasi xarakter daşısa da, hərbi potensialın inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Türkiyə də bu sammitdən maksimum dərəcədə faydalanmalıdır”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR