Son günlər Ukraynada işğalçılıq müharibəsi aparan Rusiya ordusunun tərkibində döyüşən və həlak olan həmvətənlərimizlə bağlı məlumatlar çoxalıb. Bir çox media orqanları və sosial şəbəkələrdə azərbaycanlıların rus ordusuna müxtəlif şirnikləndirici təkliflərlə cəlb edildiyi, xüsusi adamların bununla məşğul olduğuna dair məlumatlar yayılır.
Musavat.com xəbər verir ki, Ukraynada genişmiqyaslı müharibə başladığı gündən indiyədək həlak olan azərbaycanlıların dəqiq sayı bəlli deyil, itkin düşənlər də var.
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olduğu haqda xəbər yayılıb. Bu barədə sosial şəbəkədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

"44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub. Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra Rusiyaya getmişdi və Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edirdi", - T.Şahmuradov bildirib.
Xəbərə siyasi təhlilçi Şahin Cəfərli öz sosial şəbəkə səhifəsində münasibət bildirib. O, azərbaycanlıların rus ordusuna cəlb edilməsinin qarşısını almağa çağırıb:
“Rusiyanın işğalçı müharibəsi üçün ölkəmizdə aparılan rekrutinqi qəti şəkildə əngəlləməlidir. Çox təəssüf ki, Azərbaycan mediası, xüsusən televiziyalar Ukrayna mövzusuna geniş yer ayırsalar da, Rusiyanın apardığı savaşın cinayətkar mahiyyəti və əxlaqi baxımdan alçaqlığına az diqqət yetirirlər. Əksinə, işğala məruz qalan tərəfi haqsız çıxaran, Rusiyaya əsasən örtülü, bəzən də açıq şəkildə haqq qazandıran rəylərə yer verilir. Bəzi şərhçilər də var ki, əslində Rusiyanı dəstəkləməsələr də, çıxışlarında yalnız Ukrayna rəhbərliyini, prezident Zelenskini ‐ yəni qurbanı məsuliyyətsizcəsinə hədəf almaqla, faktiki olaraq Rusiya təbliğatının dəyirmanına istəmədən su tökmüş olurlar. Bu isə Azərbaycan cəmiyyətində Rusiyanın tərəfində döyüşməyin pis, ayıb bir şey olmadığı qənaətini də yaradır.
Başqa bir tərəfdən, telekanallar müharibənin amansızlığı, tərəflərin nə qədər ağır itkilər verdiyi gerçəyini izləyiciyə lazımi səviyyədə çatdırmır. Cəbhə xəttində əsgərlərin ömrünün çox qısa olduğu, xüsusən Rusiyanın hər gün 1000‐1500 əsgər itridiyi və onların bir çoxunun meyitlərinin tapılmadığı, dronlar tərəfindən tikə‐parça edildiyi hər kəs tərəfindən bilinərək dərk edilsə, muzdlu qismində o müharibədə iştirak həvəsi yəqin ki, azalar”.
Musavat.com






