İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğru"nun qardaşını öldürtdürən prokuror - Kremlin himayəsində, ölüm hökmü altındadır

1181 23.01.2026 23:48 Kriminal A A

Gürcüstanda son illərin ən səs-küylü qətllərindən biri Tbilisinin mərkəzində, ölkənin ən nüfuzlu rayonlarından sayılan Vakedə baş verib. Hadisə təkcə kriminal aləmin daxili hesablaşması kimi deyil, Rusiya təsirinin və “Gürcü arzusu” hakimiyyətinin kölgəli siyasətinin bariz nümunəsi kimi dəyərləndirilir.

Gürcüstan müxalifətində, demək olar ki, hamı bu qətlin təsadüfi olmadığı qənaətindədir. Onların fikrincə, hadisə Rusiyada gedən müharibənin, postsovet mafiyasının və Gürcüstan hakimiyyətinin kriminal aləmlə sərhədləri silməsinin nəticəsidir.

2025-ci il martın 14-ü, axşam saat 22:35. Çavçavadze prospektindəki yaşayış binasının girişindən 2 kişi çıxır. Bura Tiflisin vitrinidir - bahalı mağazalar, banklar, universitet binaları, təhlükəsiz və sakit Vake rayonu. Həmin şəxslərdən biri 58 yaşlı iş adamı Levan Canqveladzedir - postsovet məkanında ən nüfuzlu “qanuni oğru”lardan biri sayılan Merab “Suxumski”nin qardaşı.

Canqveladze bir neçə saat əvvəl Moskvadan Tiflisə gəlmişdi. O, yaxın dostunun dəfn mərasiminə gecikmişdi, evdə yalnız ailə üzvləri qalmışdı. Ünvanı yoldan keçənlərdən soruşmuşdu. İstintaqın müəyyən etdiyinə görə, qatil həmin an onu izləyirdi. Skamyada oturan paltolu, papağını gözlərinə qədər endirmiş bir kişi Canqveladzeyə diqqətlə baxırdı. Qatil ayağa qalxdı, arxasınca bir neçə addım atdı, təsadüfi yoldan keçənlərin aralanmasını gözlədi və 30 saniyəlik ölüm səhnəsi başladı. 11 atəş açıldı. 5 güllə hədəfə dəydi, 3-ü sinədən, 2-si başdan. Levan Canqveladze yoldakı zebra keçidində can verdi. Bu, 2025-ci ilin Gürcüstanda ən həyasız, açıq və nümayişkaranə qətli idi.

Hadisədən 9 ay sonra - Yeni il ərəfəsində Gürcüstan Daxili İşlər Nazirliyi sensasion açıqlama yaydı, keçmiş baş prokuror Otar Partsxaladze qətlin əsas təşkilatçısı kimi ittiham olundu. Bu açıqlama həm cəmiyyətdə, həm də hüquq camiəsində şok effekti yaratdı. Çünki Partsxaladze istintaq boyu dindirilməmişdi, o, illərlə toxunulmaz fiqur sayılırdı. Bidzina İvanişvilinin ən yaxın çevrəsinə daxil biri idi. Hazırda Partsxaladze Rusiyada gizlənir, beynəlxalq axtarışa verilib və 16-20 il həbs təhlükəsi ilə üz-üzədir. Parlament sədri Şalva Papuaşvili bir tərəfdən istintaqa təşəkkür etsə də, digər tərəfdən ekstradisiyanın mümkünsüzlüyünü etiraf etdi.

Niyə Partsxaladze illər boyu toxunulmaz idi, amma birdən-birə hədəfə çevrildi?

Gürcüstanda bu sualın cavabını Tiflidə baş verən oktyabr hadisələrində görür. Həmin ayda İvanişvilinin yaxın çevrəsində “təmizləmə əməliyyatı” başlayıb. 230 xüsusi təyinatlı eyni vaxtda keçmiş baş nazirin, təhlükəsizlik xidməti rəhbərinin və keçmiş prokurorun evlərində axtarış aparıb. Evlərdən 7,22 milyon dollar nağd pul, qızıl külçələr, lüks zərgərlik məmulatları götürülüb. Partsxaladze bu üçlük arasında ən “yüngül” cəzalanan oldu - çünki artıq ölkədə deyildi. 2024-cü ildə Partsxaladze öz soyadına “Romanov” əlavə etdi. Gürcü jurnalistlər bunun səbəbini soruşanda, cavab absurd oldu: guya Rusiya kral ailəsi ilə əlaqələri araşdırılır. O, həmçinin Rusiyada “Sülh səfiri” adına layiq görüldü, Putinin ritorikasını təkrarladı, Rusiyanı “Gürcüstanın böyük qardaşı” adlandırdı. Gürcüstanı idarə etmiş keçmiş prokuror hazırda Moskvada siyasi və təhlükəsizlik çətiri altındadır. Qətldən 2 ay sonra Merab Suxumski İtaliyada kriminal toplantı təşkil etdi. Otar Partsxaladze ölümə məhkum edildi. Toplantıda postsovet məkanının ən nüfuzlu “qanuni oğruları”, o cümlədən “Şakro Molodoy” iştirak edirdi. Hökm yekdilliklə qəbul olundu. Bu, təkcə qardaş qisası deyildi. Cinayətkar aləm Partsxaladzeni oyun qaydalarını pozmaqda, bölgünü dağıtmaqda, inzibati resursu kriminal maraqlara qarşı istifadə etməkdə günahlandırırdı.

Qatil kim idi?

Qətli törədən şəxs 50 yaşlı keçmiş xüsusi təyinatlı Gela Udzilauri 3 gün sonra saxlanıldı. O hadisədən sonra monastıra getmiş, Sxinvali bölgəsinə qaçmağa çalışmış və qətli sifariş verənlərə zəng vurmuşdu. Bu detallar qətlin peşəkar sifarişli əməliyyat olduğunu göstərirdi. Sonradan biznesmen Giorgi Jokxadze, eləcə də Mikadze qardaşları sifarişçi kimi ittiham olundu. Onların hamısı Partsxaladzenin yaxın çevrəsinə daxildir. Bu qətl Gürcüstanda təkcə kriminal hadisə deyil, Rusiyanın təsir mexanizmlərinin mahiyyətinin açılması kimi qiymətləndirilir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR