İnsanlara hürriyət, millətlərə istiqlal!

"Palma yağını birbaşa zərərli adlandırmaq olmaz"

933 04.07.2026 03:53 Ölkə A A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri tərəfindən “palma yağı zərərli deyil, o da digər yağlar kimi yararlı yağdır” fikrinin səsləndirilməsi bu məhsulun sağlamlığa təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, palma yağı ilə bağlı hər zaman ziddiyyətli fikirlər mövcuddur:

“Burada diqqət yetirilməli əsas məqamlardan biri palma yağının kim tərəfindən, nə qədər istifadə olunması və emal prosesidir. Düzgün emal olunmuş, xüsusilə də palma meyvəsindən əldə edilən yağlardan istifadə olunması daha məqsədəuyğun hesab edilir. Bu yağ “qırmızı palma yağı” kimi tanınır və meyvənin ətli hissəsindən alınır. Tərkibində A və E vitaminləri mövcuddur, eyni zamanda daha az emal olunmuş formaya malikdir. Rafinə olunmuş palma yağında isə qoxu, rəng və dad azaldıldığı üçün tərkibində doymuş yağ turşularının miqdarı artır. Bu növ yağ daha çox qida sənayesində, yəni şirniyyatların, kremlərin, unlu məmulatların və bir çox digər məhsulların hazırlanmasında istifadə olunur. Palma yağını birbaşa zərərli adlandırmaq düzgün olmaz. Lakin tərkibinin təxminən 50 faizinin doymuş yağlardan ibarət olması səbəbilə, davamlı şəkildə bu yağları qəbul edən insanlarda “pis xolesterin” kimi tanınan LDL səviyyəsi arta bilər. Bu isə ürək-damar xəstəlikləri riskini yüksəldə bilər. Bu barədə məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də müxtəlif açıqlamalarda vurğulanıb”.

O qeyd edib ki, gündəlik qəbul edilən yağın təxminən onda bir hissəsini palma yağı və ya digər doymuş yağlar təşkil edə bilər:

“Bir çox ölkələrdə palma yağı ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Bunun iki əsas səbəbi var. Biri sağlamlıq, digəri isə ekologiyanın qorunması ilə bağlıdır. Palma yağı ilə hazırlanan məhsulların rəf ömrü uzun, istehsalı isə daha ucuz başa gəldiyi üçün geniş istifadə olunur. Nəticədə palma plantasiyalarının genişləndirilməsi, xüsusilə tropik meşələrin kütləvi şəkildə qırılmasına səbəb olur. Bu səbəbdən bəzi ölkələr ekologiyanı qorumaq məqsədilə palma yağının istifadəsini məhdudlaşdırır. Bəzi premium məhsulların üzərində, xüsusilə uşaq qidalarında, şirniyyatlarda və şokoladlarda iri hərflərlə “Palma yağı yoxdur” ifadəsinin qeyd olunması da daha keyfiyyətli və sağlam yağlardan istifadə edildiyini vurğulamaq məqsədi daşıyır. Burada əsas məsələ palma yağının tamamilə zərərli olub-olmaması deyil, onun istifadəsinin miqdarı və istehlakçının seçimidir. Palma yağının az miqdarda qəbul olunması daha məqsədəuyğundur. Ümumi qidalanmadakı yağ miqdarının onda birini keçməməsi, həmçinin gündəlik qidaların əsas tərkib hissəsinə çevrilməməsi tövsiyə edilir. Xüsusilə tez-tez fastfud yeyən, yüksək kalorili və emal olunmuş qidalar qəbul edən insanlarda doymuş yağların istifadəsi daha yüksək olur ki, bu da sağlamlıq üçün müxtəlif risklər yarada bilər. 100 qram palma yağının tərkibində təxminən 49–52 qram doymuş yağ mövcuddur. Palma yağının digər xüsusiyyəti ondan ibarətdir ki, tərkibində həm doymuş, həm də doymamış yağlar eyni anda mövcuddur. Qəbul edilən miqdarın düzgün tənzimlənməsi vacibdir. Xüsusilə inkişaf etməkdə olan orqanizmə malik, 20–25 yaşa qədər olan şəxslərin bu yağlardan gündəlik qida kimi istifadə etməməsi daha məqsədəuyğun hesab olunur. Lakin az miqdarda, müəyyən fasilələrlə və tövsiyə olunan həddi aşmadan istifadə edildikdə ciddi zərər yaratmaya bilər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR