İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan üçün suqsvanq

684 22.07.2026 08:25 Siyasət A A

Hökumətin sadə parlament çoxluğuna malik olması kifayət etmir; hakimiyyət daxilində etimad böhranı dərinləşir və sülh sənədinin imzalanması yolunda əngəllərin sayı artır

Məzuniyyət götürərək dağlara çıxmış  baş nazir Nikol Paşinyanın məzuniyyətini başa vurub iş başına qayıdacağı gözlənilir. Çünki Paşinyan hökumətdə ciddi dəyişiklik etməyəcəyini desə də, yeni parlament yeni tərkibdə toplanmalı və rəhbərlik seçilməlidir. 

Ötən ayın sonunda hakim partiyanın idarə heyətinin qapalı iclasında yeni spikerlə bağlı gizli səsvermə keçirilib. İddialara əsasən, vitse-spiker Ruben Rubinyan daha çox səs toplayaraq rəqiblərini geridə qoyub. Amma Rubinyanın spiker seçilməsinin o qədər də rahat olmayacağı bəllidir. Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinin əsas simalarından biri hesab edilən Rubinyanın namizədliyinə Ermənistanda ciddi etirazlar var.

Hakimiyyətin əsas tənqidçiləri xüsusilə Rubinyanın 2017-2018-ci illərdə İstanbul Siyasət Mərkəzində (IPC) apardığı araşdırmanı qabardırlar. Bu mərkəz Sabancı Universitetinin nəzdində fəaliyyət göstərir və Hrant Dink Fondunun Ermənistan-Türkiyə təcrübə mübadiləsi proqramı çərçivəsində Rubinyan burada tədqiqat aparıb. Müxaliflər iddia edirlər ki, həmin layihə Türkiyənin “yumşaq güc” siyasətinin tərkib hissəsi olub.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən dərhal sonra o, xarici işlər nazirinin müavini təyin edilib. Müxalifət hesab edir ki, əvvəlki diplomatik təcrübəsinin olmamasına baxmayaraq bu qədər sürətlə yüksək vəzifəyə gətirilməsi əlavə suallar yaradır. Yeri gəlmişkən, vitse-spiker postuna müxalifətdə kimin namizəd olacağı da hələlik açıq qalıb.

Rubinyan spiker seçilərsə, bu, təkcə parlament rəhbərliyində kadr dəyişikliyi deyil, həm də Ermənistanın xarici siyasət kursu, Azərbaycanla sülh sənədi və Türkiyə ilə münasibətlərin gələcəyi üçün mühümdür. Bəllidir ki, Ermənistanda konstitusiya referendumu yalnız parlamentin qərarı ilə təyin oluna bilər. Mövcud qanunvericiliyə əsasən, referendumun təyin edilməsi prosesi parlament mərhələsindən keçir və hökumətin təşəbbüsü təkbaşına kifayət etmir.

Mülki Müqavilə Partiyası referendumun elan edilməsi üçün tələb olunan konstitusion çoxluğu əldə edə bilməyib. Bu isə referendumun təyin olunmasını siyasi baxımdan çətinləşdirir.

Ermənistan Konstitusiyasına görə, əsas qanuna dəyişiklik təşəbbüsü hökumət, deputatların müəyyən hissəsi və ya vətəndaşların imzaları ilə irəli sürülə bilər. Lakin referendumun keçirilməsi üçün parlamentdə tələb olunan prosedurlar tamamlanmalı və parlament müvafiq qərar qəbul etməlidir. Məhz bu səbəbdən Paşinyan hökumətinin yeni konstitusiya ilə bağlı planlarının həyata keçirilməsi parlamentdə siyasi dəstəyin səviyyəsindən asılıdır.

Bundan başqa, baş nazir seçkilərdən sonra hakim komanda daxilində “təmizləmə” aparmağa və zəifləyən siyasi mövqelərini daxili kadr dəyişiklikləri hesabına möhkəmləndirməyə çalışır. Bu isə “Vətəndaş Müqaviləsi” daxilində etimad böhranını dərinləşdirir ki, bu da sülh sənədinin imzalanması yolunda əngəllərin sayını artır. Mümkündür ki, bu cür gedişatda Paşinyan getdikcə daha çox şahmatdakı suqsvanq (oyunçunun istənilən gedişinin vəziyyəti pisləşdirəcəyi vəziyyət) vəziyyətinə düşə bilər.

Hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Samuel Hantinqtonun belə bir fikri var ki, dəyişikliklərin sürəti ilə siyasi institutların uyğunlaşma qabiliyyəti arasında fərqin yaranması cəmiyyətlərin inkişafında ən təhlükəli mərhələlərdən biridir. Onun fikrincə, islahat istəyən siyasi liderin qarşısında duran əsas maneə çox vaxt müxalifət deyil, mövcud institutların dəyişiklik tempinə uyğunlaşa bilməməsidir: “Ermənistanda son parlament seçkilərindən sonra yaranmış vəziyyəti bugünkü erməni cəmiyyətinin inkişafında riskli mərhələ hesab etmək olar. Seçkilər nəticəsində Paşinyan hökuməti yenidən təşkil etmək hüququ qazansa da, Ermənistanın siyasi sistemində transformasiya edə bilmək səviyyəsində seçici dəstəyi əldə edə bilmədi. Yəni parlament seçkilərindəki qələbə hakimiyyəti saxlamaq üçün yetərli olsa da, əsaslı dəyişiklikləri başa çatdırmaq üçün kifayət sayılacaq səviyyədə olmadı”.

Makron Azərbaycanla Türkiyə arasında narazılıq yaratmağa çalışdı, lakin..."  - Qulamhüseyn Əlibəyli

Q.Əlibəyli hesab edir ki, bu gün Ermənistanın qarşısında duran əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasından daha çox formalaşmış və uzun müddət davam etmiş siyasi təfəkkürün və düşüncə modelinin dəyişdirilməsidir: “Məhz bu səbəbdən Paşinyanın qarşısında duran vəzifə adi hökumət proqramlarını həyata keçirməkdən qat-qat mürəkkəbdir. Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi və suverenliyini tam bərpa etməsindən sonra Ermənistanın təhlükəsizlik arxitekturası faktiki olaraq dəyişib. Xarici siyasətdə prioritetlər yenidən müəyyənləşir. Regional münasibətlər yeni mərhələyə keçir. Ermənistanın dövlətçilik konsepsiyası əvvəlki illərlə müqayisədə tamamilə fərqli reallıqla üz-üzədir. Bugünkü  geosiyasi reallıq Ermənistanın demək olar ki, bütün keçmiş siyasi doktrinalarının və konsepsiyalarının yenidən nəzərdən keçirilməsini tələb edir. Bir çox məsələlər - yeni konstitusiya, təhlükəsizlik konsepsiyası, xarici siyasət prioritetləri və regiona baxış - bütün bunlar eyni vaxtda transformasiya mərhələsinə daxil olub. Bu mərhələdə əsas problem Ermənistan dövlətinin transformasiyası üçün zəruri olan institusional dayaqların kifayət qədər möhkəm olmamasıdır. Başqa sözlə, hökumətin sadə parlament çoxluğuna malik olması kifayət etmir, bir tərəfdən mütləq parlament çoxluğu, digər tərəfdən isə bütövlükdə cəmiyyətdə güclü ictimai legitimlik və geniş siyasi konsensus da lazımdır”.

Müsahibimizin sözlərinə görə, son seçkilər göstərdi ki, həm erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi, həm də transformasiyanı başa çatdırmalı olan siyasi institutlar hələ də köhnə düşüncə tərzinin təsirindən tam xilas ola bilməyiblər: “Belə bir vəziyyət ilk növbədə sülh prosesinə birbaşa təsir göstərir. Azərbaycanla yekun sülh müqaviləsinin hüquqi və siyasi davamlılığı Ermənistan daxilində dəstək tələb edir. Əks halda, hər növbəti hakimiyyət dəyişikliyində əvvəlki razılaşmalar yenidən mübahisə mövzusuna çevrilə bilər. Paşinyan bunu anlayır və məhz buna görə son illərdə "yeni Ermənistan", “real Ermənistan” və “dövlətçilik fəlsəfəsi” kimi anlayışları ictimai müzakirənin mərkəzinə gətirməyə çalışır. Lakin Konstitusiya islahatları, Azərbaycanla yekun sülh sazişi və regionda yeni əməkdaşlıq modeli kimi məsələlər Ermənistan daxilində hələ də ciddi mübahisə doğurur. Əslində seçkilərin nəticələri Paşinyan komandasının fəaliyyəti üçün bir müsbət cəhəti də ortaya çıxardı. Seçicilər keçmiş təfəkkür tərzinin və siyasi düşüncənin daşıyıcıları olan qüvvələrin yenidən hakimiyyətə qayıtmasını istəmədiklərini nümayiş etdirdilər. Hesab edirəm ki, Paşinyan bundan istifadə edərək vəziyyəti yaxşılaşdırmaq, siyasi transformasiyanı davam etdirmək və sülh prosesini sürətləndirmək üçün bir sıra addımlar ata bilər. İlk növbədə hökumət komandasında ciddi dəyişikliklər və islahatlar edilməlidir. Adətən hökumət uzun müddət eyni siyasi simalarla fəaliyyət göstərdikdə cəmiyyətdə  daxili bir narazılıq, idarəetmədə təbii yorğunluq yaranır. Yeni baxışların, peşəkar texnokratların və institusional çevikliyin azalması hökumətin qərarvermə qabiliyyətinə təsir edir. Bu baxımdan komandanı yeniləmək və hökumətin fəaliyyətini daha səmərəli etmək cəmiyyətə əlavə stimul verə bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR