İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Karapetyanla məhkəmə savaşında Qərbi azərbaycanlılar iddiası – hiyləgər gediş

591 11.06.2026 15:17 Gündəm A A

Ermənistanda parlament seçkiləri bitsə də, gərginlik səngimir. Bu ölkənin mediası xəbər verir ki, baş nazir Nikol Paşinyan iş adamı Samvel Karapetyana və “Güclü Ermənistan” partiyasına qarşı “böhtan”ın geri götürülməsi və hər iddiaya görə 6 milyon dram təzminat tələb etməklə iki iddia qaldırıb.

Karapetyana qarşı iddia 2026-cı il mayın 25-də rusiyalı milyarderin baş nazir Nikol Paşinyanın Kanadada evinin olduğunu iddia etdiyi müsahibədən qaynaqlanır.

Paşinyan bu məlumatın tamamilə böhtan, yalan və həqiqətə uyğun olmadığını iddia edir.

Nikol Paşinyan dünən, iyunun 10-da iddia qaldırıb və hakim Anuşavan Muşeqyan tərəfindən təsdiqlənib. Onun qəbulu ilə bağlı qərar hələ verilməyib.

Paşinyan “Güclü Ermənistan” partiyasını da məhkəməyə verib. İddiaya görə, 2026-cı il mayın 27-də “Güclü Ermənistan” partiyası baş nazir Nikol Paşinyanın guya Ermənistana 300 min azərbaycanlı gətirəcəyini təsdiqlədiyi barədə məlumat yayıb. Bildirilib ki, bu məlumat Paşinyanı tamamilə gözdən salır, yalandır, həqiqətə uyğun deyil.

İddia təmin edilərsə, təkzib “Güclü Ermənistan” partiyasının feysbuk səhifəsi vasitəsilə hamı üçün əlçatan və görünən şəkildə yayılmalıdır. Post qeyri-müəyyən müddətə və ya ən azı iki il müddətində səhifədə qalmalıdır.

Paşinyan “Güclü Ermənistan” partiyasından diffamasiya nəticəsində dəyən qeyri-maddi ziyana görə ona 6 milyon dram təzminat ödəməsini tələb edir.

Bu iş hakim Armenuhi Bədiryana həvalə olunub, lakin onun qəbul edilib-edilməməsi ilə bağlı qərar hələ verilməyib.

Beləliklə, Nikol Paşinyan – Samvel Karapetyan müharibəsi davam edir.

Paşinyanın Rusiyanın adamına qarşı təzyiqləri hara qədər davam edə bilər?

Maraqlıdır ki, seçki prosesi boyunca Azərbaycan faktorunun Ermənistanın gündəmində olmasının ardınca məhkəmə çəkişməsində də 300 min azərbaycanlının qayıdışı məsələsi əsas mövzulardan biridir. Nikol Paşinyan bununla həm də azərbaycanlıların geri qayıdış hüququnu məhdudlaşdırmaq xətti yürütdüyünü dolayısı ilə, məhkəmə yoluyla təsdiqləmək istəyir və olduqca hiyləgər gediş edir.

ELXAN.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bunları söyləyib:

“Baxmayaraq ki, Nikol Paşinyan bu seçkidə qələbə çalıb və təkbaşına hökuməti formalaşdıracaq, amma radikal müxalifətdən əl çəkən deyil. Bilir ki, radikal müxalifət böhtançıdır, dezinformasiya yayır. Ən pisi də Rusiyaya bağlıdır. Ona görə də onları sıxışdırmağa çalışacaq, məhkəmələrdə süründürəcək. Məsələn, parlamentdə iki müxalifət lideri var: Robert Köçəryan və Samvel Karapetyan, ikisi də məhkəməlikdir, biri hətta ev dustağıdır. Paşinyan çalışacaq ki, onların hər ikisinin məhkəmə çəkişməsi uzansın. Çünki müxalifətdə olsalar da, onlar Paşinyana problem yaratmağa çalışacaqlar ki, Ermənistan Konstitusiyası dəyişməsin, Azərbaycanla sülh müqaviləsi imzalanmasın, Tramp yolunun tikintisinə başlanılmasın. Bütün bu məsələləri əngəlləməyə çalışacaq. Ona görə də Paşinyan onları qabaqlamağa çalışır, bu şəxslərə qarşı məhkəmə iddiaları qaldırır, məncə, bu, doğru strategiyadır. Çünki bu radikallar neytrallaşdırılmayana qədər onlar həm Ermənistanı qarışdırmağa çalışacaqlar, həm də bölgədəki sülh və sabitliyə əngəl olacaqlar”.

Məhkəmə predmeti olaraq Qərbi azərbaycanlılardan bəhs olunmasına gəldikdə, E.Şahinoğlu bildirib ki, erməni müxalifəti 300 min azərbaycanlı məsələsini manipulyasiyaya çevirib:

“Onlar bu məsələdən Paşinyana təzyiq elementi kimi istifadə edir. Elə seçki prosesində də ən çox istifadə etdikləri bu mövzu idi ki, guya Paşinyan 300 min azərbaycanlını Ermənistanda yerləşdirəcək və ya Ermənistan Qərbi Zəngəzuru itirəcək. Bəli, Azərbaycanın istəyi var ki, soydaşlarımız tarixi torpaqlarına qayıtsınlar. Amma Prezident İlham Əliyevin dediyi kimi, söhbət top-tüfənglə qayıdışdan getmir. Qayıdanlar da Ermənistan vətəndaşı olacaqlar və orada özlərinin tarixi torpaqlarında yaşayacaqlar. Amma bu, Ermənistan müxalifətinin iddia etdiyi kimi Azərbaycan dövlətinin Ermənistana təzyiq aləti deyil. Güman etmirəm ki, Ermənistan cəmiyyəti bu dezinformasiyaya inanır. İnsansaydılar, ermənilərin əksəriyyəti Paşinyana səs verməzdi”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR