Yaxın Şərqdə davam edən dağıdıcı müharibənin fonunda Rəsmi Tehran beynəlxalq birliyi və qlobal bazarları lərzəyə salacaq ən böyük geosiyasi hadisənin pərdəarxası sənədlərini ifşa edib.
Musavat.com xəbər verir ki, İranın rəsmi "Mehr" xəbər agentliyi ABŞ və İran arasında münaqişəyə tamamilə son qoyacaq, həmçinin regionda yeni dünya nizamının əsasını qoyacaq 14 bəndlik tarixi Memorandum və sülh sazişi layihəsinin tam gizli mətnini rəsmən yayıb.
Sızdırılan sənəddə Ağ Evin regional hərbi ambisiyalarına son qoyacaq və Tehranın qələbəsi kimi qiymətləndirilən inanılmaz şərtlər yer alıb. Razılaşma layihəsinə əsasən, ilk növbədə Livan cəbhəsi də daxil olmaqla bütün regional cəbhələrdə hərbi əməliyyatların və atəşkəsin dərhal, həm də daimi olaraq dayandırılması mütləq bənd kimi irəli sürülüb. ABŞ isə öz növbəsində İslam Respublikasının daxili işlərinə qarışmayacağına, ölkənin suverenliyinə tam hörmət edəcəyinə və İran ətrafındakı bütün hərbi qüvvələrini, ordusunu geri çəkəcəyinə dair rəsmi öhdəlik götürür.
Qlobal neft bazarını xilas edəcək dəniz logistikası ilə bağlı bəndlər də sənəddə geniş yer alıb. Belə ki, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası 30 gün ərzində tamamilə ləğv edilməli, dərhal ardınca isə Hörmüz boğazı məhz İranın müəyyən etdiyi mexanizmlər çərçivəsində beynəlxalq gəmiçilik üçün yenidən açılmalıdır. Əvəzində isə Vaşinqton İranın neft, neft-kimya və bütün digər enerji məhsullarının ixracına qoyulan sanksiyaları dondurmalı, Tehranın həmin gəlirlərə birbaşa çıxışını təmin etməlidir.
Sənədin ən sensasion tərəfi isə ABŞ və müttəfiqlərinə kəsilən ağır maliyyə cəriməsidir; sənədə əsasən, Vaşinqton və tərəfdaşları İran iqtisadiyyatının bərpası üçün Tehrana azı 300 milyard dollar dəyərində nəhəng investisiya və bərpa planı təqdim etməyə məcburdur. Həmçinin danışıqların gedəcəyi 60 gün ərzində İranın xaricdə dondurulmuş 24 milyard dollarlıq aktivləri tam sərbəst buraxılmalı, bu məbləğin düz yarısı (12 milyard dollar) danışıqlar masasına oturmazdan əvvəl rəsmi Tehranın hesabına köçürülməlidir.
İran bu güzəştlər qarşılığında nüvə silahı yaratmayacağına dair müqavilə (NPT) çərçivəsindəki öhdəliklərini bir daha təsdiqləyir və yekun nüvə razılaşması BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə təsdiqlənəcək. Siyasi ekspertlər qeyd edirlər ki, İranın öz raket proqramını və regional "müqavimət güclərinə" (proksilərinə) verdiyi dəstəyi müzakirə mövzusundan birdəfəlik çıxarmağa nail olması bu sənədi Donald Tramp administrasiyası üçün həm ağır bir sınaq, həm də Yaxın Şərqdə böyük müharibədən qaçmağın yeganə yolu halına gətirir.
Musavat.com






