Rusiya-Ukrayna müharibəsi 5-ci ilinə keçib və artıq Ukrayna Rusiyanın istənilən şəhərinə, hətta paytaxtına zərbələr endirmək imkanına malikdir. Halbuki, Rusiya hakimiyyəti və ordu komandanları hava hücumundan müdafiə sistemlərini əsasən, elə paytaxt ətrafında cəmləşdiriblər. Amma Ukrayna Rusiya paytaxtındakı hərbi obyektlərə və yanacaq mərkəzlərinə zərbələr endirməklə Rusiya hakimiyyətinə və ordu komandanlığına sübut edir ki, onların paytaxtı da təhlükəsiz deyil.
Politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a, Ukrayna ordusunun Rusiya paytaxtına endirdiyi sarsıdıcı cavab zərbələri barədə açıqlama verərkən bildirib.
Qeyd edək ki, Rusiya son günlər ərzində Ukraynanın mülki infrostrukturunu hədəfə alıb. Pravoslav xristianların Lavra kilsə-ziyarətgahı, Dovjenko kinostudiyası və digər ünvanların raket-dron hücumuna məruz qalması nəticəsində 11 nəfər dinc sakin həlak olub. Ukrayna ordusu isə 16 iyun səhəri Rusiya paytaxtındakı neftayırma zavoduna zərbələr endirib və bu barədə videokadrlar yayılıb. Sosial şəbəkədə bildirildiyinə görə, “Qazpromneft”ə məxsus zavod Moskvanın benzinə olan tələbatının 40 faizini, dizelə ehtiyacının isə 50 faizini təmin edən müəssisədir və bu, Rusiyada yanacaq böhranına gətirib çıxara bilər.
E.Şahinoğlu Ukraynanın hücumunun səbəblərinin anlaşılan olduğunu vurğulayıb: “Çünki Rusiya Ukraynadakı evlərə zərbələr endirir və beləcə müharibənin şiddəti getdikcə artır. Ukrayna dron istehsalını genişləndirib və Rusiyada cəbhə bölgəsini yarmaq imkanına malikdir. Çünki Ukrayna həmin dronlarla Rusiyanın hərbi texnikasını və canlı qüvvəsini neytrallaşdırır. Buna görə də Rusiya ordusunun hərbi texnikası cəbhə bölgəsində irəliləyə bilmir”.
Son zamanlar Krımın yaganə yolunun Ukrananın legitim hədəfinə çevrilməsindən bəhs edən politoloq Krım yarımadasında da Rusiya üçün çox çətin vəziyyətin yarandığını söyləyib: “Çünki Rusiya bütün logistik imkanlarında məhdudiyyətlərlə üzləşib və Krım faktiki olaraq yarımadadan adaya çevrilib. Bütün yollar Ukrayna dronlarının nəzarəti altındadır. Hərbi texnika və yanacaq daşıyan maşınlar məhv edilir”.
Analitik hesab edir ki, Rusiya üçün hazırda çox ciddi çətinlik yaranıb və Rusiya prezidenti əslində çıxılmaz vəziyyətdədir: “Bir tərəfdən Donbası işğal edəcəyinə əminliyini hər zaman ifadə edir. Amma digər tərəfdən bu alınmayıb və Rusiyanın şəhərləri, xüsusilə də paytaxt Moskva artıq hədəfdədir”.
E.Şahinoğlu qeyd edib ki, Ukrayna dron hücumlarını genişləndirdiyinə görə, hər gün Rusiyanın şəhərlərinə yüzlərlə zərbə endirə bilər: “Rusiya buna nə qədər tab gətirə bilər, sualı əslində Rusiya cəmiyyətini ciddi şəkildə narahat etməlidir”.
E.Paşasoy,
Musavat.com






