İnsanlara hürriyət, millətlərə istiqlal!

Politico: Avropa sosial şəbəkələrə əl atdı-bundan sonra…

420 10.07.2026 18:20 Dünya A A

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen uşaqların sosial şəbəkələrdən istifadəsinə Aİ miqyasında yaş məhdudiyyəti tətbiq olunması təşəbbüsünü sürətləndirir.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, bazar ertəsi Avropa Komissiyasının sifarişi ilə hazırlanmış ekspert hesabatı təqdim olunacaq. Sənəd uşaqların sosial şəbəkələrdə üzləşdiyi riskləri qiymətləndirəcək və onların qorunması üçün tövsiyələr verəcək.

"Politico"nun yazdığına görə, Ursula fon der Lyayen artıq sosial şəbəkələrin azyaşlılara mənfi təsir göstərdiyini düşünür və Aİ üzrə vahid yaş məhdudiyyətinin tətbiqini dəstəkləyir. Mənbələrin sözlərinə görə, Avropa Komissiyası bununla bağlı qanun layihəsini sentyabr ayında təqdim edə bilər.

Hazırda Aİ-nin azı 14 üzv dövləti belə təşəbbüsü dəstəkləyir. Polşanın rəqəmsallaşma naziri Dariuş Standerski bildirib ki, ölkəsində əhalinin 70 faizdən çoxu uşaqlar üçün sosial şəbəkələrə yaş məhdudiyyəti qoyulmasını dəstəkləyir.

"Politico" qeyd edir ki, Fransa, Danimarka və Yunanıstan artıq öz milli qaydalarını hazırlayır. Fransa sentyabr ayından etibarən yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır.

Bununla belə, təşəbbüs Aİ daxilində birmənalı qarşılanmır. Estoniya və digər rəqəmsal texnologiyalar sahəsində qabaqcıl ölkələr hesab edirlər ki, tam qadağa əvəzinə uşaqların hüquqlarını nəzərə alan daha çevik və balanslı mexanizmlər hazırlanmalıdır.

Məqalədə həmçinin vurğulanır ki, oxşar qadağanı tətbiq edən Avstraliyanın təcrübəsi hələlik gözlənilən nəticəni verməyib. Ölkənin onlayn təhlükəsizlik qurumu sosial şəbəkələrin uşaqlar tərəfindən istifadəsinin qarşısının tam alınmadığını, əsas problemlərdən birinin isə texnologiya şirkətlərinin qaydalara kifayət qədər əməl etməməsi olduğunu bildirib.

Bu arada, Avropa Komissiyası cümə günü Meta şirkətinə qarşı da yeni qərar açıqlayıb. Politico-nun məlumatına görə, Brüssel Instagram və Facebook platformalarının uşaqları və yeniyetmələri uzun müddət ekranda saxlamaq üçün hazırlanmış funksiyalarını dəyişdirməyi tələb edib.

Komissiya hesab edir ki, sonsuz lent (infinite scroll), videoların avtomatik işə düşməsi (autoplay) və istifadəçinin maraqlarına uyğun tövsiyə alqoritmləri uşaqlarda asılılıq yaradır, onları davamlı olaraq ekran qarşısında saxlayır və beyni "avtopilot rejiminə" keçirir.

Brüssel Meta-dan bu funksiyaların standart rejimdə məhdudlaşdırılmasını, istifadəyə fasilə verilməsi ilə bağlı effektiv xatırlatmaların tətbiqini və tövsiyə alqoritmlərinin dəyişdirilməsini tələb edib. Şirkət tələbləri yerinə yetirməyəcəyi təqdirdə, illik qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə oluna bilər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR