Ziya Zakir Acar: “Bizim könlümüz Azərbaycanla birgə döyünür; İllər boyu qarşılığını gözləmədən bu işləri gördük”
Prezident İlham Əliyevin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs fəxri adlarla təltif edilib. Onların sırasında əslən İrəvan mahalından olan, İqdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma Dərnəyi sədri, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar da var.
Azərbaycan həqiqətlərinin yayılmasında on illərdir yorulmadan çalışan dəyərli Ziya Zakir Acar “Dostluq” ordeninə layiq görülməsi ilə bağlı təəssüratlarını Musavat.com-a bölüşdü və bəzi suallarımızı cavablandırdı.
- Ziya bəy, Azərbaycan Prezidentinin Sərəncamı ilə yüksək fəxri ada layiq görülməyiniz münasbətilə Sizi təbrik edirik. Təəssüratlarınızı bölüşməyinizi xahiş edirik. Sürpriz oldu?

- Mən öncə Prezident İlham Əliyevə böyük etimada görə təşəkkür edirəm. Sərəncamla bağlı xəbərin linkini mənə yolladılar. Azərbaycandan bir neçə dostumuz aradı, təbrik etdi. Açığı, təxmin edirdim. Çünki əvvəlcədən məndən müəyyən məlumatlarə istəmişdilər. Əvvəlki il də cənab Prezident İlham Əliyevin imzası ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülmüşdüm. Təbrikə görə təşəkkür edirəm, var olun. Sizin kimi dostlar sayəsində bu işlər olur.
- Bilirik ki, əslən İrəvandan olan soydaşımız, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir bəy Türkiyə və Azərbaycan arasında körpülərin atılmasında yorulmadan çalışan ziyalılarımızdandır. Bundan sonrakı fəaliyyətinizi necə quracaqsınız? Yəqin ki, yeni planlarınız var...
- İnşallah biz durmadan davam edirik. Bizim könlümüz Azərbaycanla birgə döyünür, ruhumuz Azərbaycan sevgisi ilə yoğrulub və qarşımızda heç bir əngəl yoxdur. İllər boyu qarşılığını gözləmədən bu işləri gördük. Hələ 1990-cı ilin 20 Yanvarında Bakıda törədilən qırğınlarla bağlı həqiqətlərin yayılması naminə biz burada böyük işlər gördük. O zamandan bəri bizim ürəyimiz Azərbaycanla birgə döyünür.
- Fəaliyyətiniz haqda Azərbaycanda məlumatlı olanlar kifayət qədərdir. Bizlərə o da məlumdur ki, Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində tikilərək 1992-ci il mayın 28-də istifadəyə verilən “Ümid” körpüsünün açılış mərasimində də iştirak etmisiniz...
- Təbii. O körpünün açılış mərasimini rəhmətlik Heydər Əliyevlə bərabər iştirak etmişdik. O günlərlə bağlı çox gözəl xatirələrimiz var. Sağ olsunlar, bizi dəyərləndirmələri bizim üçün önəmlidir. Dövlətlərimiz, millətimiz, cümhurbaşqanlarımız sağ olsunlar!
- Qarşıdakı günlərdə hansı tədbirləri keçirməyi planlaşdırırsınız?

- 20 Yanvar hadisələri ilə bağlı böyük bir proqramımız olacaq. Hər belə tədbirlərimiz olur. 26 fevralda Xocalı soyqırımı ilə bağlı anım tədbirimiz olacaq. El-obamız İğdırla bağlı da işlər görürük. 1500 səhifəlik kitabım nəşr olunub: “Doğumdan ölümə qədər Azərbaycan mədəniyyəti”. Azərbaycan türkləri ilə bağlı hər şey o kitabın içərisindədir. 4-cü nəşrdir. Mən vaxtaşırı məqalələrlə də çıxış edirəm. Azərbaycan türklərinin ödədiyi bədəllərdən yazmışam. Gerçəkdən tarix boyunca bu coğrafiyada çox böyük bədəllər ödəmişik, itkilər vermişik. Arazın o tayında, bu tayında çox mücadilə etdik, çox canlar getdi.
- Ziya bəy, bu günlərdə Prezident İlham Əliyev bir daha əminliklə bildirdi ki, Zəngəzur dəhlizi açılacaq. Zəngəzur dəhlizinin Türkiyə hissəsində işlər necə gedir?
- Bəli, işlər gedir, dəmir yolu çəkilir. Çalışmalar davam edir. İnşallah dəhlizin tikintisi başa çatdıqdan sonra çox rahat şəkildə Azərbaycana gəlib-gedəcəyik.
- Türkiyə-Ermənistan sərhədinin açılması istiqamətində də prosesin getdiyi barədə xəbərlər var. Sizin məlumatlarınız nədən ibarətdir və ümumiyyətlə, bu məsələyə münasibətiniz necədir?
- Ermənilər qapıların açılması üçün çalışırlar. Bizim “Alican” sərhəd keçid məntəqəsində də da işlər gedir. Mənim fikrimcə, Ermənistanla qapıların açılmasının bizə faydası yoxdur. Amma təbii ki, hazırlıqlı olmaq lazımdır. Dövlətimiz tərəfindən mövqe budur ki, Azərbaycandan əgər razılıq olmasa, bu istiqamətdə addım atılmayacaq. Görünən budur ki, birgə çalışmalarımız davam edir. İnşallah xeyirli-uğurlu olsun!
Elşad Paşasoy,
Musavat.com






