Rusiya prezidenti Vladimir Putinin Avropaya qarşı müharibəyə həmişə hazır olduğunu bəyan etməsi Avropa İttifaqı ölkələrində narahatlıqla qarşılansa da NATO hesab edir ki, Putin Avropa ilə döyüşməyə hazır olması barədə danışarkən blef edir.
Putinin “Rusiyanın Avropa ilə müharibə etmək niyyəti yoxdur, lakin qarşı tərəfin belə bir addımına həmişə hazırdır”bəyanatı blefdir, yoxsa həqiqətən də Avropaya real təhlükənin anonsudur? Müharibə və sanksiyalar nəticəsində zəifləmiş Rusiyanın Avropa ilə müharibə etmək potensialı qalır?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Putinin bu açıqlaması bir tərəfdən diplomatik mesaj, digər tərəfdən isə psixoloji taktika kimi qiymətləndirilə bilər:
“Bu bəyanat həm Avropa dövlətlərinə, həm də NATO-ya xəbərdarlıq siqnalı verməyə və Rusiyanın müdafiə qabiliyyətli olduğunu nümayiş etdirməyə hesablanıb. Əgər ümumiləşdirsək Putinin açıqlamasında üç əsas məqsədi qeyd edə bilərik. Birincisi, Avropa və NATO üzvlərinə qarşı diplomatik təzyiq göstərmək, ikincisi, daxili auditoriyaya biz güclüyük mesajı vermək və üçüncüsü, beynəlxalq səviyyədə aparılan danışıqlarda, Ukrayna böhranının həlli ilə bağlı müzakirələrdə Rusiyanın mövqeyini gücləndirmək. Keçmiş nümunələr göstərir ki, Putin bu cür bəyanatlarla həm qorxu yaratmaq, həm də geosiyasi təzyiqi artırmaq məqsədi güdür”.
Ekspertin sözlərinə görə, real vəziyyət ondan ibarətdir ki, hərbi baxımdan Rusiya üçün Avropaya qarşı genişmiqyaslı müharibə aparmaq hazırda çox risklidir:
“Ukrayna müharibəsi və Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın iqtisadi və hərbi potensialına ciddi təsir göstərib. Tank, dron və yüksək texnologiyalı silah istehsalı sahəsində məhdudiyyətlər var, həmçinin genişmiqyaslı əməliyyat üçün strateji hava və logistika üstünlükləri zəifdir. NATO isə Avropa ölkələrinin birgə müdafiəsi və artan hərbi xərcləri sayəsində cavab verməyə hazırdır. Bu baxımdan, genişmiqyaslı müharibə real perspektiv kimi görünmür. Bununla belə, lokal və təzyiq xarakterli addımları da istisna etmək olmaz. Bu, tərəflərin diqqətini ölçmək, diplomatik mövqeləri gücləndirmək və regional təzyiq mexanizmi yaratmaq üçün istifadə oluna bilər. Biz bunu Rusiya dronlarının Polşa və digər ölkələrin hava sərhədlərinin pozmasında görmüşük”.
Y.Bağırzadə deyib ki, istənilən halda Rusiyanın indiki mərhələdə Avropa ilə genişmiqyaslı müharibə potensialı mövcud deyil və bunu Putin özü də kifayət qədər yaxşı başa düşür.
Etibar Seyidağa,
Musavat.com






