QHT sektorunda yeni keyfiyyət mərhələsi: institusional islahatlar və dövlət–cəmiyyət münasibətlərinin güclənməsi
Musavat.com bildirir ki, deputat Azay Quliyev bunu dövlət başçısının QHT sektoru ilə bağlı Fərmanına münasibəti zamanı bildirib.
Deputat qeyd edib ki, bu sənəd təkcə texniki və inzibati dəyişiklikləri deyil, eyni zamanda dövlətin QHT sektoruna münasibətində daha sistemli, şəffaf və institusional yanaşmanın formalaşdırıldığını nümayiş etdirir: “Fərmanın ən mühüm yeniliklərindən biri “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin yaradılması və QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” prinsipinin tətbiqidir. İndiyədək qeyri-hökumət təşkilatlarının müxtəlif dövlət qurumları, fondlar və agentliklər tərəfindən bir-birindən asılı olmayan mexanizmlərlə maliyyələşdirilməsi pərakəndəlik, mövzu və prioritetlərin təkrarı, eləcə də dövlət siyasətinin icrasında koordinasiya problemləri yaradırdı”.
Fərmanla Agentliyin idarəetmə modelində edilən dəyişikliklər də xüsusi diqqətə layiqdir. İcraçı direktor institutunun İdarə Heyəti ilə əvəz olunması qərarların tək şəxs tərəfindən deyil, kollegial şəkildə qəbul edilməsini təmin edir. Bu yanaşma məsuliyyətin bölüşdürülməsinə, qərarların daha balanslı və əsaslandırılmış şəkildə qəbuluna, eləcə də institusional sabitliyin və davamlılığın gücləndirilməsinə xidmət edir”.
A.Quliyevin sözlərinə görə, xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, Müşahidə Şurasının sədri vətəndaş cəmiyyəti nümayəndələri arasından seçilir: “Bu prinsip dövlət başçısının QHT sektoruna göstərdiyi yüksək etimadın, habelə vətəndaş cəmiyyətinə verdiyi strateji önəmin açıq və institusional təsdiqi kimi dəyərləndirilməlidir. Bu yanaşma ictimai nəzarətin real tətbiqinə və dövlət–cəmiyyət tərəfdaşlığının daha sağlam əsaslar üzərində qurulmasına xidmət edir.
Aparılan islahatlar göstərir ki, Azərbaycan dövləti QHT-ləri yalnız maliyyə dəstəyi alan subyektlər kimi deyil, dövlət siyasətinin icrasında etibarlı tərəfdaşlar kimi görür. Bu yanaşma vətəndaş cəmiyyətinin institusional güclənməsinə, ictimai iştirakçılığın real məzmun qazanmasına və dövlət–cəmiyyət münasibətlərinin daha sağlam əsaslar üzərində qurulmasına xidmət edir.
Fürsətdən istifadə edib, yeni təyinatları münasibətilə Müşahidə Şurasının üzvlərini ürəkdən təbrik edir, onlara bu məsul vəzifənin icrasında uğurlar arzulayıram.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün ardıcıl və məqsədyönlü addımlar atan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə QHT sektoruna göstərdiyi davamlı dövlət qayğısına və həyata keçirdiyi islahatlara görə dərin minnətdarlığımı bildirirəm”.
Musavat.com






