Öncə zəhmətkeşlərimizi yayın girməsi münasibətiylə təbrik edirəm. 21 iyun, günorta saat 12 radələrində yay fəsli Azərbaycana daxil olmuşdur. Çox dəqiq məlumatdır, BDU astrofizika kafedrası tərəfindən təsdiq edilmişdir, yaya uyğun viza verilmişdir.
Maraqlıdır ki, qabaqlar bizdə yayın girməsi, məhərrəmlik, Qurban bayramı, Ayın tutulması, Şaxta babanın marşrutu və sairə dəyərli kalendar informasiyalarını Şamaxı rəsədxanası zəhmətkeşlərimizə çatdırırdı. İndi nədənsə bu monopoliyaya son qoyulmuşdur, artıq prosesə BDU qatılmışdır. Yəqin Ramiz müəllim akademiya sistemindən qovulandan sonra başqa idarələr də kalendara-zada baxa bilir. Mehdiyev bizə nə gün verirdi, nə işıq, nə təqvim.
Sözgəlişi, yayın girməsi özü-özlüyündə müsbət hadisədir, çünki bəzən fikirləşirdik ki, bizim ölkəyə hər kəs girmir. Həm quru sərhədlər bağlı olduğu üçün, həm girmək prosesi müəyyən dairələr tərəfindən inhisara alındığı üçün. Güman edirəm yay Bakı-Tiflis qatarı, yaxud aeroport yoluyla girmişdir.
Həmçinin, ötən aylarda ölkəmizdə o qədər yağış-dolu-molu yağdı, elə qiyamətlər qopdu ki, biz yayın gəlməyindən tamam əlimizi üzmüşdük. Düşünürdük artıq birbaşa payıza keçid olacaqdır. Ancaq, min şükür, yay gəldi. Buna görə əlaqədar orqanlara dərin minnətdarlığımızı növbəti dəfə bildiririk.
Məncə, fəsillərin əvəzlənməsi üzrə dövlət proqramı gözəl şəkildə icra edilir. Dünyada elə yerlər var orda heç fəsillər dəyişmir. Ya daimi qışdır, ya da daimi yaydır. Biz bu şəraitin qədrini bilməliyik, hökumətin ətrafında sıx birləşməyə borcluyuq! Sadəcə, çalışın çox sıx birləşməyin, hava istidir, bürküdən, günvurmadan qorunmaq da lazımdır.
Bayaq akademiyadan danışdıq, bir köhnə xəbəri də sayın oxucularla bölüşmək istərdim. Keçən ay AMEA-da Rəyasət Heyəti toplaşdı, dünya ictimaiyyəti arasında çaxnaşma yaradan qərar verdilər: akademiyamızın “Süni intellekt və sosial tədqiqatlar” adlı elmi jurnalı dərc olunacaqdır. İldə 2 dəfə, üstəlik, ingiliscə!
Bərəkallah. Gör nə qədər alim insanlar orda toplaşıbdır. Los Ancelesdən nə qədər alim bu jurnala 10 illik abunə yazılıbdır. Sadəcə, sosial tədqiqatlarla bizdə əsasən Zahid Oruc məşğul olurdu, bir də bir şair var idi, vəssalam. Bəs görəsən bu sosial tədqiqat işini yarıtmayan adamlar süni intellektə barmaq eləsələr nə olacaq?
Azərbaycan cəmiyyətində gedən və ya getməyən sosial prosesləri araşdıran, cəmiyyətə, hökumətə, mediaya hansısa, lap qotur informasiya bazası, elmi tədqiqatlar təqdim edə bilməyən Akademiyamızın birbaşa süni intellektə girişməyi anekdot deyil, bəs nədir?
Şair Baba Pünhanın Sabirə nəzirə olaraq yazdığı şeirdən beyt yadıma düşdü: “Bəşər gələn əsrə raketnən gedir, Bizimkilər motoskletnən gedir”. (Şeirin bir bəndi isə hazırda tam arxaizmdir: “Müxalifət mitinqə şor-çörəklə, İqtidar isə katletnən gedir”. Mitinq nədir, müxalifət nə deməkdir, katlet nəyə deyilir – indiki nəslə bunu necə başa salmaq olar? Mümkünsüz haldır). Doğrudan da, biz başqa klassikimizin yazdığı kimi, “ayrı millətlər siçan boyda iş görəndə, birbaşa deyirik fil düzəldəcəyik”. Xülasə, indi məlum oldu ki, biz heç motosklet sürməyi də düz-əməlli öyrənməmişik, hər gün bu əcaib, şəxsən mənim səs-küyünə görə nifrət elədiyim nəqliyyat vasitəsi ilə bağlı yol-nəqliyyat qəzalarının xəbərlərini alırıq. Dünən yol polisi bir reyddə, təkcə Masazırda 45 motosikl sürəni yaxalamışdı! Görün indi respublika üzrə, ümumi vəziyyət necə acınacaqlıdır. Yüksək gurultu salan, sutkanın istənilən vaxtı dinc sakinləri narahat edən, səkidə sürən, nə bilim, daha nələr edən... Bəlkə biz motosikl sürməyi ümumiyyətlə qadağan edək?
Ancaq sonra baxırsan ki, avtobus sürən heyvərənin birisi nə yola baxır, nə maşının altında qalan yaşlı qadına... Yəni, nəyi sürmək əsas problem deyil, prinsipcə, necə və kimin sürməyidir.
Şair də yüz il qabaq elə bunu yazmışdı: “Çırmanırıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş”...
Yay gəldi, buyurun, kim istəsə qızsın.






