İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorxulu statistika: nikahlar azalır - demoqrafik təhlükə QAPIDA

1211 20.01.2026 23:04 Ölkə A A

Son statistik göstəricilər Azərbaycanda nikah institutunun zəifləməsi ilə bağlı narahatedici tendensiyanı üzə çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar–noyabr aylarında qeydə alınan nikahların sayı əvvəlki illə müqayisədə azalıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayının 4,9-dan 4,8-ə enməsi ailə qurmağa marağın zəiflədiyini göstərir. Mütəxəssislər bu tendensiyanın arxasında sosial-iqtisadi amillərin, həyat xərclərinin artmasının və gənclərin gələcəklə bağlı qeyri-müəyyənliklərinin dayandığını bildirirlər.

Mütəxəssislərin fikrincə, nikahların sayındakı azalma uzunmüddətli perspektivdə təkcə ailə institutuna deyil, demoqrafik və iqtisadi tarazlığa da ciddi təsir göstərə bilər.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Nikahların sayının azalmasının əsas səbəbləri bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır. İlk növbədə sosial-iqtisadi çətinliklər gənclərin evliliyə daha ehtiyatla yanaşmasına səbəb olur. İşsizlik, gəlirlərin qeyri-sabitliyi, mənzil probleminin kəskinliyi ailə qurmaq qərarını gecikdirir. Bir çox gənc əvvəlcə maddi durumunu yaxşılaşdırmağa çalışır və bu proses illərlə uzanır”.

Ekspert digər mühüm səbəbin düşüncə və həyat tərzinin dəyişməsi ilə əlaqələndirib: “Gənclər əvvəlki nəsillərlə müqayisədə şəxsi azadlığa, karyeraya və özünü reallaşdırmağa daha çox önəm verirlər. Nikah artıq həyatın “mütləq mərhələsi” kimi yox, seçim kimi qəbul olunur. Boşanma hallarının artması və ailə daxilində yaşanan problemlər də nikaha inamı zəiflədir, xüsusilə gənclər riskdən qaçmağa çalışırlar.

Əgər bu tendensiyanın qarşısı alınmasa, uzunmüddətli dövrdə bir sıra mənfi nəticələr ortaya çıxa bilər. Əhalinin artım tempi zəifləyə, yaşlanma prosesi sürətlənə bilər ki, bu da gələcəkdə əmək bazarına və sosial təminat sisteminə əlavə yük yaradar. Ailə institutunun zəifləməsi sosial bağların qopmasına, tək yaşayan insanların sayının artmasına və psixoloji problemlərin dərinləşməsinə səbəb ola bilər.

Bu proses həm də cəmiyyətin sosial sabitliyinə təsir göstərə bilər. Ailə cəmiyyətin əsas dayaqlarından biri olduğu üçün nikahların azalması dəyərlər sistemində dəyişikliklər yarada, uzunmüddətli perspektivdə sosial münasibətləri daha kövrək hala gətirə bilər. Buna görə də məsələ təkcə şəxsi seçim kimi yox, eyni zamanda sosial siyasət və gənclərin rifahı kontekstində də qiymətləndirilməlidir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR