Yaxın Şərqdə qarşıdurma yeni və daha təhlükəli mərhələyə keçir, zərbələrin miqyası genişlənir.
Musavat.com xəbər verir ki, yayılan videogörüntülərə əsasən İran tərəfindən atılan raketlər Qüds şəhərində ciddi dağıntılara səbəb olub və İsrailin hava hücumundan müdafiə sistemləri hücumların qarşısını tam almaqda çətinlik çəkir.
Kadrlarda Qüds səmasında ard-arda partlayışlar, havada ələkeçirmə cəhdləri və bəzi raketlərin şəhər ərazisinə düşməsi əks olunub. Bir neçə yaşayış binasının zədələndiyi, küçələrdə dağıntı qalıqlarının yarandığı bildirilir. Partlayış dalğasının təsiri ilə ətraf tikililərin şüşələri sınıb, infrastruktur obyektlərinə ziyan dəyib.
Məlumata görə, İsrailin hava hücumundan müdafiə qüvvələri intensiv atəş rejimində çalışsa da, hücumların ardıcıllığı və kütləviliyi sistemi ciddi sınaq qarşısında qoyub. Bəzi istiqamətlərdə raketlərin müdafiə xəttini yararaq hədəfə çatdığı iddia olunur.
Şəhərdə əhali arasında təşviş hökm sürür. Sığınacaqlara axın artıb, təcili tibbi yardım və xilasedici briqadalar dağıntı sahələrində fəaliyyət göstərir. Rəsmi qurumlar itkilərlə bağlı dəqiq rəqəmləri hələ açıqlamayıb.
Musavat.com






