Müharibə bu ölkənin bütün resurslarını sürətlə əridir - iqtisadçıdan proqnoz
Xəbər verildiyi kimi, Rusiya Maliyyə Nazirliyi dekabr ayında ilk dəfə Çin yuanı ilə nominallaşdırılmış dövlət istiqrazları (OFZ) buraxacaq. İstiqrazların yerləşdirilməsi Moskva Birjasında həyata keçiriləcək, buraxılışın həcmi isə 2 dekabrda investor müraciətləri toplandıqdan sonra müəyyən olunacaq. İnvestorlara 3 ildən 7 ilədək müddətli iki növ istiqraz təklif ediləcək.
Bir istiqrazın nominal dəyəri 10 min yuan (təxminən 114 min rubl) olacaq. Yerləşdirmə 8 dekabr 2025-ci ildə baş tutacaq. İnvestorlar həm istiqrazları almaq, həm də gələcəkdə dividendləri ya yuanla, ya da rubl ilə qəbul etmək imkanı əldə edəcəklər - valyuta seçimi onların ixtiyarına buraxılacaq.
Buraxılışın təşkilatçıları “Qazprombank”, “Sberbank” və “VTB Kapital Treydinq” olacaq. Maliyyə Nazirliyi yuanla istiqrazların buraxılmasını hələ 2015-ci ildə müzakirə edib, lakin Çin tərəfindən tətbiq edilən məhdudiyyətlər səbəbindən bu addım təxirə salınıb. 2022-ci ildən sonra Rusiya Qərb borc bazarlarına çıxışını itirdiyi üçün bu ideyaya yenidən qayıdılıb. Nazirlik gələcəkdə ümumi həcmi 400 milyard rubla qədər olan 4 bənzər emissiya həyata keçirməyi planlaşdırır.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Yeni Müsavat”a mövzunu şərh etdi: “İşğalçı müharibə səbəbindən dünyanın heç bir ölkəsindən və maliyyə institutundan borc ala bilməyən Rusiyanın yeganə ümidi hər hansı bir formada Çindən borc ala bilməkdir. Lakin Çin də belə məsələlərdə kifayət qədər ağıllı davranan bir ölkədir. Çin Rusiya ilə bütün münasibətlərdə yalnız öz dövlətinin maraqlarına xidmət edən bir tərəfdir. Rusiya nə qədər Çini özünün yaxın dostu, qardaşı kimi təqdim etməyə çalışsa da, bu dostluğun kökündə Çin tərəfdən maraqdan başqa heç nə dayanmır. Çin bu gün Rusiyanın neftini az qala həmin neftin maya dəyəri qiyməti ilə alır. Rusiyanın digər təbii sərvətlərinə də Çin eyni münasibəti sərgiləməkdədir. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin ilk ilindən Rusiya Çindən hər hansı bir formada borc almağa çalışır. Rusiyanın bir tərəfi yuan ilə təmin ediləcək və Çin üçün maraqlı ola biləcək istiqrazlarla bağlı təklifləri də heç bir nəticə verməyəcək. Ruslar son 2-3 ildə bu qəbildən olan istiqrazları dəfələrlə Çin tərəfə təklif etsələr də, heç bir nəticə əldə olunmayıb. Çindən borc almaq üçün hətta ”Rosatom"un müəssisələrinin səhmlərini ona satmağı da təklifi ediblər. Əslində bu səhmləri almaqla Çin Rusiyanın atom energetika sistemini asanlıqla ələ keçirə bilər. Lakin bu məsələdə də hələ ki, bir irəliləyiş yoxdur. Lakin mən Çin tərəfinin bu səhmləri almasını mümkün sayıram. Çünki Çin tərəfi yaxşı bilir ki, Rusiyanın bütün resursları sürətlə tükənir və bir müddətdən sonra onlar bu səhmlərə dividentlər ödəmək iqtidarında belə olmayacaqlar. Deməli o halda rusların əlindən “Rosatom”un müəssisələrini asanlıqla almaq mümkün ola bilər".
F.Yusifov hesab edir ki, hazırda Çin tərəfə təklif edilən istiqrazların isə heç bir perspektivi yoxdur: “Çin iş adamları reallıqları daha yaxşı dəyərləndirməyi bacarırlar. Onların Rusiyanın bu tələsinə düşməsi mümkün deyil. Əli hər yerdən və hər imkandan üzülmüş Rusiya hələ bundan sonra da belə mənasız təkliflərlə çıxış edəcəkdir. Çünki Rusiya neftinin və qazının ixracına qoyulan sanksiyalar artıq daha da sərtləşdirilir. Son bir ildə Rusiyanın neft və qazın satışından əldə etdiyi gəlirlər 30%-ə qədər azalıb və bu proses sürətlə davam etməkdədir. İqtisadiyyatı ciddi tənəzzül yaşayan, büdcəsinin kəsiri bütün qırmızı xətləri keçmiş Rusiyanın bu cür mənasız cəhdlər etməkdən başqa yolu qalmayıb”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”






