Rusiya Türkiyədə inşa edilən ilk atom elektrik stansiyası, “Akkuyu” AES-in tikintisinin maliyyələşdirilməsi üçün 9 milyard dollar vəsait ayırıb.
Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, Ankara stansiyanın 2026-cı ildə istismara verilməsini gözləyir.
“Rosatom” şirkəti 2010-cu ildə imzalanmış və ümumi dəyəri 20 milyard dollar olan sazişə əsasən, Türkiyənin Aralıq dənizi sahilində yerləşən Mersin vilayətinin Akkuyu bölgəsində ölkənin ilk atom elektrik stansiyasını inşa edir. AES-in bu il istismara verilməsi planlaşdırılsa da, proses təxirə salınıb.
Bayraktar bildirib ki, ayrılan maliyyə vəsaitinin əsasən 2026–2027-ci illərdə istifadə olunması gözlənilir. Onun sözlərinə görə, bu məbləğin azı 4–5 milyard dolları 2026-cı ildə xarici maliyyələşdirməyə yönəldiləcək.
“Akkuyu” AES layihəsi Rusiya istehsalı olan III+ nəsil VVER tipli reaktorlarla təchiz edilən dörd enerji blokunu əhatə edir. Hər bir enerji blokunun gücü 1 200 meqavat təşkil edəcək.
İqbal RZAYEV,
Musavat.com






