Xəbər verildiyi kimi, Berlində Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə sammit keçirilir. Kiyev ABŞ-ın Donbasda demilitarizasiya olunmuş “azad iqtisadi zona” yaradılması təklifini yenidən rədd edib, lakin digər məsələlər üzrə güzəştlərə hazır olduğunu bildirib. Zelenski bəyan edib ki, Ukrayna əvəzində hüquqi baxımdan məcburi təhlükəsizlik zəmanətləri alacağı təqdirdə NATO-ya üzvlükdən imtina etməyə hazırdır.
Musavat.com xəbər verir ki, bununla bağlı Qərbin aparıcı media qurumlarından ard-arda yeni informasiyalar və analitik rəylər gəlir.
“Financial Times” yazır ki, Kiyev ABŞ-la, eləcə də Avropa tərəfdaşları və digər ölkələrlə - xüsusilə Kanada və Yaponiya ilə - hüquqi baxımdan öhdəlik yaradan ikitərəfli sazişlərə ümid edir. Zelenskinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri modeli NATO-nun Vaşinqton müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər olmalıdır.
“Politico”nun məlumatına görə, Avropa liderləri ərazilərlə bağlı hər hansı müzakirənin yalnız Ukrayna üçün əvvəlcədən təhlükəsizlik zəmanətləri verildikdən sonra mümkün ola biləcəyini vurğulayırlar. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü artıq gündəmdə deyilsə, Avropa İttifaqı Kiyevə real təhlükəsizlik zəmanətləri təqdim etməlidir. Onun sözlərinə görə, söhbət sadəcə bəyanatlardan deyil, Rusiyanı real şəkildə cilovlaya biləcək hərbi mövcudluqdan, qoşunlardan və imkanlardan getməlidir.
Paralel olaraq Aİ dondurulmuş Rusiya aktivləri hesabına 210 milyard avroluq kredit paketi ilə bağlı razılıq əldə etməyə çalışır. Danışıqlar İtaliya, Malta və Bolqarıstanın Belçikanın alternativ maliyyələşmə mexanizmləri axtarılması tələblərini dəstəkləməsi ilə çətinləşib. Bundan əlavə, Çexiyanın yeni baş naziri Andrey Babiş (opponentləri onu Rusiyaya yaxın mövqedə ittiham edir) də mövcud plana qarşı çıxıb. “Politico”nun sitat gətirdiyi alman rəsmisinin sözlərinə görə, “Rusiya aktivləriylə bağlı qərar Avropanın gələcəyi ilə bağlı qərardır. B planı yoxdur”.
BBC danışıqların inkişafı üçün bir neçə mümkün ssenarini təsvir edir. Onlardan birinə görə, Donald Tramp Ukrayna cəmiyyəti üçün qəbuledilməz şərtlərlə - ərazi güzəştləri və təhlükəsizlik zəmanətləri olmadan - atəşkəsə məcbur etməyə cəhd göstərə bilər. Kiyevin imtinası və ya Moskvanın vetosu halında Tramp “əllərini yuma” bilər - o, bunu artıq açıq şəkildə dilə gətirib. Avropada müzakirə olunan alternativ variantlara Avropa Hava Qalxanı təşəbbüsünün genişləndirilməsi və Ukrayna silahlı qüvvələrinin yükünü azaltmaq məqsədilə Qərbi Ukraynada Avropa qüvvələrinin yerləşdirilməsi ehtimalı daxildir.
Musavat.com






