Rusiya ordusu gecə saatlarında Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə növbəti hücumlar həyata keçirib. Yerli və beynəlxalq media qurumlarının məlumatına görə, ardıcıl partlayışlar şəhərin bir neçə rayonunda qeydə alınıb, mülki infrastruktur ciddi zərər görüb.
Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri açıqlama verərək hücumların qarşısının alınması üçün hava hücumundan müdafiə sistemlərinin fəal işlədiyini bildiriblər. Hazırda Odessa və ətraf bölgələrdə təhlükəsizlik vəziyyəti son dərəcə gərgindir, əhaliyə evlərini tərk etməmək və ehtiyatlı davranmaq tövsiyə olunur.
Musavat.com vəziyyətin real mənzərəsini öyrənmək üçün "Yeni Müsavat" Media Qrupunun Ukrayna təmsilçisi Anar Natiqoğlu ilə əlaqə saxlayıb.

O, Odessadakı son durum, şəhər əhalisinin əhval-ruhiyyəsi və hücumların təsirləri barədə suallarımızı cavablandırıb.
- Anar bəy, hazırda Odessada vəziyyət necədir?
- Rus qoşunlarının hücumları səngimir, əsasən də dronlar vasitəsi ilə Odessanı vururlar. Son 3 gündür ki, bu hücumlar intensivləşib. Əsas hədəf elektrik infrastrukturu olduğuna görə elektrik kəsilmələri baş verir. Evlərə 7 saatdan bir işıq verilir. Evlərdə istilik və internet yoxdur. Çox çətin durum yaranıb. Sutka ərzində müəyyən fasilələrlə həyəcan siqnalı verilir.
- Odessada rusdilli əhali çoxdur. Rusiya bu faktoru da nəzərə almır?
- Bəli, çoxdur, lakin Rusiyanın rusdilli əhalini qorumaq kimi bir niyyəti yoxdur. Ukraynanın şərqində və cənubunda kifayət qədər rusdilli əhali var. Onlar hazırda Ukraynanın müdafiəsi uğrunda vuruşurlar. Həm Rusiya, Həm də Ukrayna tərəfindən hər gün rusdilli olan minlərlə insan cəbhədə həlak olur.
- Hücumlar nəticəsində Odessada yaşayış binaları zərər görübmü?
- Əsasən elektrik infrastrukturu vurulur. Hərbi hissələrə hücum olunur. Evlər, bağçalar, xəstəxanalar zərər görür.
- Hazırda odessalılar vaxtın çox hissəsini sığınacaqlarda keçirir?
- Odessada sığınacaq çox azdır. Əsasən yeni binaların zirzəmilərində sığınacaqlar var. Ona görə də həyəcan siqnalı veriləndə insanlar xəstəxanaların, məktəblərin binalarındakı zirzəmilərə qaçırlar.
- Məktəblər və bağçaların, iş yerlərinin fəaliyyəti necə tənzimlənir?
- Məktəblərin bəziləri onlayn rejimə keçib. Bəzilərində isə dərslər davam edir. Hansı məktəbin sığınacağı varsa, onlara əyani dərs keçməyə icazə verilib. Hücumlar əsasən gecə saatlarında başlayır. Bir neçə həftə idi ki, sakitlik idi, lakin son 3 gün ərzində yenə hücumlar həm gecə, həm də gündüz artdı. Xarkov, Odessa, Kiyev və Dnepr əsas hədəflərdir.

- Hazırda iqtisadi durum necədir? Bahalaşma varmı?
- Hərtərəfli çətinlik yaşanır, iqtisadi durum yaxşı deyil. Qiymətlər günü-gündən bahalaşır. Çətinliklər həddindən artıq çoxdur. Həyəcan siqnalı veriləndə bankların, dövlət qurumlarının fəaliyyəti dayanır. İnsanlar bir bank ödənişi etmək üçün saatlarla gözləməli olurlar.
- Mülki vətəndaşlar arasında müharibə qurbanı çoxdurmu?
- Son zamanlar hava hücumundan müdafiə sistemləri çox yaxşı çalışır və dronlar havada zərərsizləşdirilir. Buna görə də mülki əhali arasında itki azalıb.
Şahanə Rəhimli
Musavat.com






