İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiyaya ərazi güzəşti edilməyəcək... ” – Zelenski NÖQTƏNİ qoydu 

823 06.02.2026 16:32 Region A A

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna ərazilərini Rusiyaya aid hesab etmək üçün edilən istənilən cəhd heç bir əhəmiyyət daşımayacaq, çünki ölkənin taleyi ilə bağlı qərarları yalnız Ukraynanın özü qəbul edə bilər.

Bu barədə o, Kiyevdə Polşanın Baş naziri Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Hətta kimsə bizim ərazilərimizi Rusiya ərazisi kimi tanısa belə, bu, heç nəyi dəyişməyəcək. Birincisi, mənim polşalı həmkarımın dediyi kimi hamı, tanınmayacaq, ikincisi isə Ukraynada sənədləri imzalayan Ukrayna Prezidenti var. Müvafiq vacib sənədləri Ukrayna əvəzinə digər liderlər imzalamır. Buna görə də ərazilərimiz - müvəqqəti olaraq işğal olunmuş statusda olmasına baxmayaraq - bizim ərazilərimizdir" – Zelenski vurğulayıb.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirdi ki, Ukrayna liderinin səsləndirdiyi fikirlərdə kifayət qədər ciddi mesajlar var:

“Görünən odur ki, rəsmi Kiyevin torpaq itkisi ilə barışmaq fikri yoxdur. Başqa sözlə, Ukrayna ərazi güzəştinə də getmək istəmir. Əslində başa düşüləndir. Çünki mümkün ərazi güzəşti Ukrayna xalqının ciddi narazılığına səbəb ola bilər. Sözsüz ki, dövlət başçısının səsləndirdiyi fikirlər həm daxili, həm də beynəlxalq ictimaiyyətə mesajdır. Onun açıqlamasından belə çıxır ki, Ukrayna savaşı davam etdirməyə hazırdır”.

Politoloqa görə, hazırda tərəflər arasında həm də psixoloji müharibə gedir:

“Rusiya Ukrayna xalqını məğlubiyyətlə barışmağa hazırlaşdırdığı kimi, Ukrayna hakimiyyəti də məğlubiyyətlə barışmayacağına dair aydın mesajlar verir. Bu, həm də əsəb mübarizəsidir. Zelenski açıqlamasında konkret ərazi adları çəkməyib. Buna baxmayaraq, düşünmək olar ki, o, təkcə müharibə dövründə itirilən torpaqları yox, həm də əvvəlki dövrdə işğal olunan Krım yarımadasını, Donetsk və Luqansk vilayətlərini nəzərdə tutur. Bütün hallarda bir daha aydın olur ki, Ukrayna asanlıqla geri çəkilməyəcək və güzəştə getməyəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR