İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların 2030-cu ilədək Qarabağda qalmaq planı necə pozuldu?

1278 10.11.2025 16:26 Gündəm A A

10 noyabr sənədinin 5 ili, bir neçə suala cavab; Rusiya dünyadakı aqressor, sülhə qarşı olan mövqeyini 10 noyabr sənədi ilə ört-basdır etmək istəyir

Rusiyanın bu gün 5 ili tamam olan üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) 10 noyabr sənədinin hüquqi-siyasi baxımdan qüvvədə olduğunu və regionda sülhün əsas qarantı hesab etməsinin xüsusi sirri yoxdur. Bunu həm də indi demirlər, 5 ildir hər fürsətdə 10 noyabr sənədinə istinadlar edirlər. Bu israr Rusiya prezidenti Vladimir Putinin imzası olan sənədə sayğıdan irəli gəlmir.

Məqsəd aydındır: Kreml bundan sonrakı sülh prosesində də Qərbin deyil, əsas skripkanın özü olduğunu bəyan edir.

b00ef52d637446a66cf360f38f9b9da7.jpg (272 KB)

Rusiya Birinci və İkinci Qarabağ müharibəsində diplomatik danışıqların əsas iştirakçısı olub. Bu ölkə 30 ilədək davam edən qanlı savaşda kimin tərəfində olub, bu da bilinən gerçəkdir. Minsk Qrupunda da ağırlıq həmişə Rusiya tərəfdə olub, Azərbaycanın torpaqlarının qoparılmasını nəzərdə tutan “həll variantları” da Kreml kabinetlərində razılaşdırılıb. Moskva münaqişənin uzanmasından regionda öz hökmranlığını qorumaq üçün istifadə edib.

22a7dd2c2b7ad205d4e7285ab8e79951.jpg (126 KB)

44 günlük müharibədə və ondan sonrakı tənzimlənmə prosesində də üzərinə ciddi məsuliyyət götürmüşdü. Heç kim inkar etmir ki, 2020-ci il 10 noyabr sənədi İkinci Qarabağ müharibəsinin başa çatdığını elan edən yeganə sənəddir. Sonrakı günlərdə də məlum oldu ki, Putin müharibə davam edəndə az qala hər gün Prezident Əliyev və baş nazir Paşinyanla telefonla danışıb. Bu sənədi Moskva və Bakının maraqları baxımdan 5 il əvvəl də, indi də müqayisə etsək, ölkəmizin milli maraqlarına daha çox cavab verirdi. Sənəd Ağdam, Kəlbəcər və Laçının bir güllə atmadan Azərbaycana qaytarılmasını təmin etdi. Ermənistan Naxçıvana maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsinə razılaşdı.

uiuiuiuiu.JPG (54 KB)

Rusiyaya bu sənəddə ən böyük üstünlük verən sülhməramlılarının 5 il münaqişə bölgəsinə yerləşdirilməsi idi. Xüsusilə yerli müxalifət yaxasını cırırdı ki, “Rusiya daha heç vaxt Azərbaycan ərazisini tərk etməyəcək” və sairə. Rusiya ordusununAzərbaycan ərazisinə yerləşdirilməsinin birmənalı qəbul edilməyəcəyi bəlli idi. Qarabağdakı ermənilərin təxribatlarını önləmək üçün atılmış bu müvəqqəti addım müharibədən sonrakı iki ildə də ən ciddi müzakirələr yaratdı. Tez-tez dəyişən Rusiya komandanlığının ermənilərin qanunsuz əməllərinə göz yumması, hətta separatçı əhval-ruhiyyəni dəstəkləməsi rəsmi Bakıda narazılıq doğururdu.

Rusiya ermənilərlə Xocalı və Yevlaxdakı reinteqrasiya danışıqlarında da mərkəzi yer aldı, amma prosesə qarışmadılar. Ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəmədilər, onlar Qarabağı könüllü tərk etdikdən sonra Rusiya sülhməramlılarına da ehtiyac qalmadı...

Ermənistanın sabiq prezidenti Robert Köçəryan 10 noyabr sənədini müharibədə məğlubiyyətin rəsmiləşməsi kimi qiymətləndirib.

1690706949_ucterefli-gorus-moskva.jpg (116 KB)

Deyib ki, bu sənəd həm də “Qarabağı qorumaq üçün son imkan idi”. Köçəryan indi başına-gözünə döyür ki, əgər ermənilər Rusiyanın Qarabağ üçün ömürlük məsuliyyət daşımalı olduğuna inansaydı, Paşinyan da Praqada “Artsax” da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsəydi, sülhməramlılar daha beş il Qarabağda qala, bu müddət də isə “yeni siyasi həll təklif” olunardı. Rusiya əslində Köçəryanın dediyi istiqamətdə açıq fəaliyyətə başlamışdı. Kremlə yaxın erməni oliqarx Ruben Vardanyanın qəfil Qarabağda peyda olması, burada separatçı qurumun “dövlət naziri” təyinatı Köçəryanın dediyi planların tərkib hissəsi idi. Amma Azərbaycan Prezidentnin prinsipallığı Kremlin bütün planlarını alt-üst etdi…

Rusiya son vaxtlar onu da bəyan edir ki, sülh müqaviləsinin imzalanması və nəqliyyat-iqtisadi kommunikasiyaların bərpası üçün hələ çox iş görməlidir. Bunun ardınca da yenə də öz vasitəçiliyini təklif edir. Rusiyanın situasiyanı doğru qiymətləndirə bilmədiyi göz önündədir. Çünki indi Əliyevlə Paşinyanı görüşdürmək, bir masa arxasında oturmaları üçün vasitəçiyə ehtiyacları yoxdur.

ucterefli_beyanat-728x440.png (291 KB)

İkincisi, tərəflər sülh sazişinin əsas elementlərini əks olunduğu sənədi bu ilin 8 avqustunda ABŞ prezidentinin təklifi ilə birgə paraflayıblar. Rusiyanın cığallığı, özünü yada salması, regiondakı rolunu qabartması həm də ABŞ-nin sülh prosesində fəallaşması ilə də bağlıdır…

Moskvanın 10 noyabr sənədinin aktual olduğu haqda bəyanatı Zəngəzur dəhlizi ilə də birbaşa bağlıdır. Ermənistan bu sənəddə Naxçıvanla kommunikasiyaların (“Zəngəzur dəhlizi”) reallaşmasında Rusiyaya ciddi görəv verilməsinə razılaşıb. Azərbaycan bu məsələdə heç bir hüquqi məsuliyyət daşımır, çünki dəhlizin açılmasını Ermənistan və Rusiya məsul idi. Amma 5 il keçsə də, Rusiya Ermənistana sözünü keçirə bilmədi, Paşinyan isə Ağ Evdə ABŞ şirkətinin nəzarətinə veriləcək “Tramp dəhlizinə” razılıq verdi.

Rusiya hesab edir ki, Paşinyan onlara kələk gəlib, amma bunu olduğu kimi dilə gətirməyə, Ermənistanı ürkütməməyə çalışır.

Nəhayət, Moskvanın “sülhpərvər missiyasını qabartması” dünyadakı hazırkı vəziyyətlə də sıx bağlıdır. Rusiya 10 noyabr razılaşmasınında sülhü gətirən tərəf olduğunu qabartmaqla Ukrayna müharibəsindəki anti-sülh mövqeyini dəyişdirmək üçün fürsət bilir. Rusiyanın dünyadakı aqressor, sülhə qarşı olan “imicini” 10 noyabr sənədi ilə ört-basdır etmək niyyəti görünür...

Nazim SABİROĞLU,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR