İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya bizə yeni silahlar təklif edir

730 13.12.2023 12:29 Ölkə A A

Vuçiç Belqrad və Bakı arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu, hətta birgə  müdafiə sənayesi məhsullarının üçüncü ölkələrə satıla biləcəyini də deyib

Prezident İlham Əliyev Serbiyaya işgüzar səfəri zamanı serbiyalı həmkarı Aleksandar Vuçiçlə bu ölkənin istehsal etdiyi hərbi texnika və avadanlıqlara baxıb. Bildirilir ki, hərbi aerodromda Serbiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin silah və imkanlarının təqdimatı olub. 

Həmçinin pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə sistemlərinin, hava və quru döyüş platformalarının təqdimatı keçirilib, Paraşüt briqadası və digər xüsusi təyinatlı birləşmələr öz imkanlarını təqdim edib. Həmin mərasimdə həm Azərbaycanın, həm də Serbiyanın  müdafiə nazirləri iştirak edib.  

Serbiya Avropa ölkəsi olmasına baxmayaraq, keçmiş sosialist düşərgəsinə aid dövlət kimi bu məkanın hərbi sənaye məhsullarının istehsalçısı olaraq mühüm yerlərdən birini tutur. SSRİ-nin süqutundan sonra Şərqi Avropa ölkələrinin demək olar ki, hamısı sovet hərbi sənaye kompleksindən, yəni bu məhsulların istehsalından imtina etməyə başladı. Lakin Serbiya Rusiyanın siyasi müttəfiqi olaraq, əvvəllər təmsil olunduğu hərbi blokun silah-sursat məhsullarının istehsalını davam etdirdi. Həmçinin bu məhsulların uğurlu modernləşdirilmiş variantlarının yaradılması prosesini bu gün də davam etdirir.

Bu gün Serbiya müdafiə sənayesi kompleksi Qərb texnologiyalarını mənimsəyə bilib. Serbiya həm də müdafiə sənayesi sahəsində özəl sektorun formalaşdırılmasına da nail olub. Vuçiç çıxışlarının birində “bir neçə ildə Azərbaycana 10 dəfə artıq silah satmışıq”, - deyə bəyan etmişdi. Vuçiç Belqrad və Bakı arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu, hətta birgə  müdafiə sənayesi məhsullarının üçüncü ölkələrə satıla biləcəyini də deyib. 

Rusiyaya qarşı gedən həmişə torpaq itirir iddiası - 2 rəy

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, dünyada yaşanan qlobal geosiyasi dəyişikliklər Şərq və Qərb arasında xəritənin yeni konturlarının çizilməsi prosesi ilə həyata keçməkdədir: “Burada xüsusilə Rusiya-Ukrayna müharibəsinin oynadığı mühüm rol qeyd edilə bilər. Tam da belə bir anda dövlətlər öz tərəfini seçməli, ya Avropa İttifaqı, ya da ABŞ və ümumi adı Qərb olan bloka sadiqlik nümayiş etdirməli, yaxud da Rusiya cəbhəsində yer almalıdır. Neytrallığını qorumaq hazırkı dövrdə hər dövlətə nəsib olmur. Bu baxımdan, həm Azərbaycan, həm də Serbiya unikallıq təşkil edir. Təsadüfi deyil ki, hər iki dövlət özünü Şərq və Qərb arasında geosiyasi əhəmiyyətli bağlayıcı mövqeyə sahib aktor hesab edir. Maraqlıdır ki, Azərbaycan kimi Serbiya da Rusiya ilə strateji əməkdaşlığı davam etdirsə də, Ukraynaya humanitar yardımlar göndərirlər, bu ölkələrin Avropa İttifaqı ilə ticarət dövriyyəsi Rusiya ilə müvafiq ticari dövriyyəsini üstələyir. Yəni bu iki unikal dövlət üçün Rusiya ilə strateji əməkdaşlıq Qərblə müxtəlif sferalarda əməkdaşlığa maneə törətmir. Serbiya özünün Avropa İttifaqına qatılmaq perspektivini və bu istiqamətdə çabalarını davam etdirir. Bununla yanaşı, Qərbdə hazırkı Serbiya hakimiyyəti rusiyayönümlü qəbul edilir. Bunun təbii ki, müxtəlif tarixi-siyasi əsasları var. Xüsusilə serblərin dini-ortodoks kimliyinin Rusiya ilə eyniliyi, Rusiyanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü və daima Serbiyanın maraqlarını qoruması (xüsusilə Kosovo məsələsində Avropa İttifaqı anti-Serbiya mövqeyinə sahibkən), Serbiyanın Rusiyadan enerji asılılığı (qazın 87%-i Rusiyadan təmin olunur), Rusiya ilə ciddi hərbi əməkdaşlıq vurğulana bilər. Bununla yanaşı, Serbiya-Azərbaycan arasında hərbi əməkdaşlıq dövlətlərarası münasibətləri yeni bir mərhələyə daşımaqla hər iki dövlətin Rusiyadan hərbi asılılığının azaldılması üçün yeni imkanlar yaradır. Serbiya "Global Firepower" reytinqində dünyanın 145 ölkəsi arasında 58-ci ölkə olaraq qeyd edilib. Müqayisə üçün, Azərbaycan 57-cidir. Yəni Azərbaycan hərbi güc baxımından Serbiyadan geri qalmır. Lakin Serbiyanın hərbi istehsalda müəyyən üstünlüyü var. Məsələn, Qərbi Balkanlarda müdafiə sənayesinə görə birinci yerdədir, 2018-ci ildə 897 milyon dollarlıq silah və hərbi sursat satışı həyata keçirib. Burada xüsusilə HHM, PUA və s. istehsalı xüsusi əhəmiyyət daşıyır ki, Azərbaycan hələ ki bu vasitələrə əsasən idxalçı ölkə sayılır. Azərbaycanın 2019-cu ildə 153,9 milyon dollarlıq silah və hərbi sursat satışı olub. Azərbaycanda hərbi istehsalın və ixracın həcmi, yerli silahların ixrac edildiyi ölkə sayı ilbəil artmaqdadır. 5 il öncə bu rəqəm 10 idisə, bu gün 30-dan çox ölkədən söhbət gedir. Bununla yanaşı, davamlı inkişaf etibarlı tərəfdaş tələb edir və Azərbaycan-Serbiya münasibətləri bu baxımdan unikallıq təşkil edir. Serbiya ilə hərbi sənayedə əməkdaşlığın inkişafı Azərbaycanın hərbi sənaye məhsullarını çeşidləndirməsinə və hərbi eksportu daha da artırmasına səbəb ola bilər”. 

Emin Həsənli: “Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək  səviyyədədir”

Emin Həsənli 

“Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Serbiya ilə olan bu əməkdaşlığı çox vacib sayır: “Azərbaycan bir çox ölkələrlə əməkdaşlıqda maraqlıdır, o cümlədən Avropa ölkəsi olan Serbiya ilə. Bu əlaqələr bir neçə baxımdan önəmlidir. Azərbaycanla əməkdaşlığı olan ölkələr Ermənistanla əməkdaşlıqda maraqlı olmurlar, bura Türkiyə, Pakistan, İsrail və dünyanın bir neçə ölkəsi daxildir. Azərbaycanın özü bu məsələləri təhlil edir. Hərbi məsələlər təhlili sevir. Ölkəmiz üçün hansı silahlar uyğundur, bunlar təhlil olunur. Müasir texnologiyaya aid silahlar alınır. Bu istiqamətdə Azərbaycan bütün məsələlərə xüsusi diqqət edir. İndiyə qədər aparılan siyasət Vətən müharibəsində və bir günlük lokal antiterror əməliyyatlarında onu göstərdi ki, Azərbaycan Ordusu özü-özünü təmin edə bilir. Yəni bu strategiya düzgün qurulub. Düzgün siyasət müəyyən edilməyəndə həm siyasi, həm də iqtisadi, həm insan resursları, həm də hərbi resurslar baxımdan böyük itkilərlə üz-üzə qalınır. Bəzən elə ola bilər ki, silah-sursat yetərincə ola bilər, amma vaxtı keçmiş silah-sursat ola bilər. Məhz Azərbaycan dövləti doğru-düzgün qərarlar verdiyi üçün qələbə əldə olundu. Hazırda ordumuz sürətlə türk modelinə keçir, sıx əməkdaşlıq var. İndi də Serbiya kimi dövlətlərlə olan sıx hərbi əməkdaşlıq çox vacibdir”.

Jurnalist Səxavət Məmməd həbs edildi

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd isə qeyd etdi ki, keçmiş sosialist düşərgəsinə aid olan Serbiya bu məkanın ən güclü hərbi sənaye məhsullarının istehsalçılarındandır. Azərbaycan Serbiyadan silah alıb, amma bu silahların hansı olduğu barədə rəsmi məlumat yoxdur: “Tərəflər bu barədə rəsmi açıqlama verməyiblər. Azərbaycan Serbiyadan daha çox mərmilər, müəyyən texnikaların detallarını alıb. Bu da normal haldır. Çünki Azərbaycan Ordusunun arsenalında rus hərbi texnologiyası üstünlük təşkil edir. Serbiya silah sənayesi də rus-sovet hərbi texnologiyası üzərində qurulub. Serbiya minaatan sahəsində daha çox inkişaf edib. Serbiya minaatanları keyfiyyətinə görə ən yaxşılardandır. Azərbaycan tərəfinin Serbiyadan minaatanlar alacağı barədə informasiyalar yayılıb. Əgər bu gerçəkdirsə, çox uğurlu seçimdir. Düzdür, Serbiya ilə Ermənistan arasında da silah ticarəti olub. Məsələ ondadır ki, bu rəqəm milyon avrodan az olub. Yəni daha çox tapançalar, mərmilər və minaatanlar. Azərbaycanın ən çox silah aldığı ölkə isə İsraildir. Azərbaycan 2016-2020-ci illərdə silahlarının 69 faizini İsraildən alıb. İsrailin satdığı silahlar əsasən dronlar, ballistik raketlərdir. Rusiyadan alınan silahlar isə zirehli texnika və artilleriyadan ibarətdir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR