"Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Çinə səfəri müsbət nəticə verməyib. Almaniya Çinlə nadir torpaq metallarının ixrac lisenziyaları ilə bağlı razılığa gələ bilməyib".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
![]()
Politoloq qeyd edib ki, Almaniya xarici işlər naziri Pekini Rusiya-Ukrayna müharibəsində mövqeyini dəyişdirməsinə də inandıra bilməyib. Ümumiyyətlə, Qərbin təzyiqlərinə baxmayaraq, Pekin Rusiyaya təsir etmək niyyətində deyil:
"Almaniya iqtisadiyyatının əsas sektorları kritik dərəcədə nadir torpaq metallarından asılıdır. Almaniya xarici işlər naziri Pekini Rusiya-Ukrayna müharibəsində mövqeyini dəyişdirməsinə də inandıra bilməyib. Ondan əvvəl Çinə Fransa prezidenti Emmanuel Makron səfər etmişdi. O da Pekini Rusiyaya təsir etməyə inandıra bilməmişdi. Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, Pekin müharibəni dayandırmaq üçün Kremlə təzyiq və təsir etmək fikrində deyil.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Çinə oktyabr ayında səfər etməli idi. O zaman çinli rəsmilər almaniyalı qonaqla görüşməyə hazır deyildilər. Almaniyalı nazirlə yalnız çinli həmkarı Van Yi görüşməyə hazır idi. Halbuki, Almaniyanın xarici işlər naziri Pekində digər çinli rəsmilərlə də görüşüb fikir mübadiləsi aparmaq istəyirdi. Bu mümkün olmadığından səfər təxirə salındı.
Fridrix Merts Almaniyanın kansleri seçildikdən sonra Berlinin Çinə yönəlik siyasətini sərtləşdirsə də, dialoqdan imtina etmədi. Çin uzun illər Almaniyanın Avropada əsas ticarət tərəfdaşı olub. Buna baxmayaraq, kansler kimi Almaniyanın xarici işlər naziri Yohann Vadeful da Çini tənqid edirdi. Almaniyalı nazir Çinin Hind və Sakit Okean bölgəsindəki artan hərbi fəallığından narazı idi. Çinin Tayvanı ələ keçirmək siyasəti də Berlinin narahatlığına səbəb olub.
Vadeful Çindən əvvəl Yaponiyaya səfər etmiş və Tokioda Çinin siyasətini tənqid edən açıqlamalar səsləndirmişdi. Buna baxmayaraq, Almaniyanın xarici işlər naziri bu dəfə Pekində yüksək səviyyədə qəbul olundu. Onunla Van Yi ilə yanaşı, Çinin iqtisadiyyat sahəsinə rəhbərlik edən şəxslər də görüşüblər. Almaniyalı nazir bu görüşlərdə çinli rəsmiləri Almaniyaya nadir torpaq metallarının ixracına inandırmağa çalışıb. Məsələ burasındadır ki, Almaniyanın idxal etdiyi nadir torpaq metallarının 65 faizi Çinin payına düşür.
Almaniya iqtisadiyyatı maşınqayırmanın üzərində qurulub. Bu sahədə isə nadir torpaq metallarından istifadə edilir".
Politoloqun sözlərinə əsasən, Almaniya hələ ki, nadir torpaq metallarının idxalını şaxələndirə bilməyib, Çindən asılılıq davam edir:
"Çin hökuməti bir müddət əvvəl ABŞ və Avropa ölkələrinə nadir torpaq metallarının ixracını məhdudlaşdıran qərara imza atmışdı. Bu, Pekinin ABŞ-Çin ticarət müharibəsinə cavabı idi. Ancaq daha sonra ABŞ prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında razılaşma əldə edildi. Bu razılaşmaya görə, Çin ABŞ şirkətlərinə bir il müddətinə nadir torpaq metallarının ixracına icazə verdi. Berlin eyni icazənin Almaniyaya da verilməsini istəyir.
Almaniya xarici işlər nazirindən sonra kanslerin də Çinə səfəri nəzərdə tutulub. Fridrix Mertsin yanvar ayında Pekinə səfəri planlaşdırılıb".
Xalidə Gəray
Musavat.com






