Ermənistanda oliqarx siyasətçi Qaqik Tsarukyanın sovet idarəetmə sistemini tərifləyən açıqlamaları istehzalı reaksiyalara səbəb olub.
Musavat.com xəbər verir ki, Tsarukyan çıxışında SSRİ dövründə kadr hazırlığı sisteminin daha düzgün qurulduğunu iddia edib.
“Kommunistlər dövründə insan universiteti bitirəndən sonra komsomola gedirdi, sonra administrasiyada işləyirdi, təlimatçı olurdu, köməkçi olurdu, idarə rəisinin müavini olurdu, sonra nazir müavini, yalnız bundan sonra nazir təyin edilirdi”, - deyə o qeyd edib.
Bu açıqlamadan sonra Ermənistanda hakimiyyətə yaxın mövqeyi ilə tanınan “Bagramyan26” Teleqram kanalı Tsarukyanı ironik şəkildə hədəfə alıb.
Kanal istehzalı paylaşımında yazıb:
“Qaqik Dodiç çoxlarından fərqli olaraq nə danışdığını yaxşı bilir”.
Paylaşımda daha sonra Tsarukyanın bioqrafiyası satirik və sərt formada təqdim olunub. Kanal iddia edib ki, o, məktəbi bitirib komsomola gedib, milis işləyib, kilsə həyətində rus turistə təcavüz etdiyinə görə məhkum olunub, daha sonra Robert Köçəryan dövründə oliqarxa çevrilib, Köçəryanın köməyi ilə məhkumluğunu sildirib, onun göstərişiylə partiya yaradıb.
Kanal paylaşımını istehzalı şəkildə belə yekunlaşdırıb:
“Bioqrafiyası o qədər zəngindir ki, indiki nazirlər onunla müqayisə oluna bilməz”.
Qeyd edək ki, Qaqik Tsarukyan uzun illərdir Ermənistanın ən nüfuzlu oliqarxlarından biri hesab olunur və müxtəlif dövrlərdə keçmiş prezident Robert Köçəryana yaxın fiqurlardan biri kimi tanınıb.
Musavat.com






