İşğaldan azad olunduqdan sonra yenidən tikilən, bərpa edilən torpaqlarımıza qayıdış prosesi davam edir.
Musavat.com-un məlumatına görə, öz yurduna qayıdanlar arasında tanınmış jurnalist, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlının ailəsi də var.

Sosial şəbəkə hesabındakı paylaşımında həmkarımız yazıb:
“Həə, bax budur gözəllik. 38 yaşında köçkün düşən anam 70 yaşında Zəngilana qayıtdı. Atamın onda 36 yaşı varıydı. Qara saçlı, şux qamətli idi. İndi ağ saçlarıyla, bükülmüş beliylə Vətənə gedir. Səhər saat 6-da yola saldım. Qəribə hislər yaşadıq. 1993-cü il oktyabrın 29-da Bakıya məcbur köçkün kimi gələndə də səhər çağı idi. Gedişimiz də təxminən eyni saata təsadüf etdi”. E.Muradlı daha sonra bildirib: “Bu gün Zəngilanın Məmmədbəyli kəndinə yola salınan ailələr arasında mənim ailəm də var. Babaylı kəndini birləşdirsələr də hamı öz soyunu-kökünü yaxşı bilir. Əsas odur o torpaqlar bizimdir və orada yaşamaq haqqımızdır.
Böyük Qayıdışın bir parçası olduğumuz üçün çox qürurluyam. Növbəti mərhələdə yeni köçümüz də olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz sağ olsun, sağlam olsun. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm ki, gözəl evlərin tikilməsinə göstəriş verdi və abad kəndlər salınır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təşəkkür edirəm ki, çox səliqəli, nizam-intizamlı iş gördülər və yüksək təşkilatçıləq göstərdilər. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinə təşəkkür edirəm ki, Ali rəhbərin etimadını doğruldaraq səmərəli işlə məşğul olurlar. Köçdən sonra onların işi daha çox olacaq. Bu gün bizim üçün çox gözəl gündür. Artıq kəndimizdəyik, artıq elimizdə-obamızdayıq”.
Musavat.com






