Latviyanın Müdafiə Nazirliyi 2026-cı il üçün müdafiə xərclərinə 2 milyard avrodan artıq vəsait ayıracaq. Bu məbləğ ölkə tarixində rekord göstərici olacaq.
Musavat.com xəbər verir ki, bunu respublikanın müdafiə naziri Andris Spruds açıqlayıb.
“Bu, ÜDM-in 4,91 faizi deməkdir. Yəni 2 milyard avrodan çoxdur”, - deyə Spruds bildirib və əlavə edib ki, Latviya hakimiyyəti ilk dəfə müdafiəyə 2 milyard avro ayırır.
Məlumata görə, ayrılan büdcənin təxminən 53 faizi ordunun imkanlarının genişləndirilməsinə yönəldiləcək. Qalan vəsait isə silahlı qüvvələrin saxlanılması və infrastrukturun inkişafına sərf ediləcək.
Gözlənilir ki, 2026-cı ildə Latviya hökuməti müdafiə sahəsində bir neçə böyük layihə həyata keçirəcək. Xüsusilə, döyüş maşınları və hava hücumundan müdafiə sistemlərinin alınması, həmçinin sursat ehtiyatının artırılması planlaşdırılır.
Fevral ayında Latviya müdafiə naziri bildirmişdi ki, hökumət müdafiə xərcləri üzrə minimum hədd müəyyən edib. Daha əvvəl xəbər verilmişdi ki, bu göstərici 2026-cı ildə ÜDM-in 4 faizinə, 2027-ci ildə isə 5 faizinə çatdırılacaq.
Şimali Atlantika Alyansının liderləri iyun ayında Haaqada keçirilən sammitdə ABŞ-ın təşəbbüsü ilə müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmağa razılaşıblar. NATO üzvü olan ölkələr 2035-ci ilə qədər hərbi xərclər üzrə razılaşdırılmış standartlara əsasən ÜDM-in azı 3,5 faizini ayıracaq, əlavə olaraq 1,5 faiz isə kritik infrastrukturun, şəbəkələrin müdafiəsinə, mülki hazırlıq və dayanıqlığın gücləndirilməsinə, innovasiyaların dəstəklənməsinə və müdafiə-sənaye kompleksinin inkişafına yönəldiləcək.
Musavat.com






