İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp onu ittiham edən xüsusi müşavirini “dəli” adlandırdı – QALMAQAL

741 24.01.2026 01:53 Dünya A A

ABŞ tarixində ən qalmaqallı siyasi-hüquqi proseslərdən birinin əsas fiqurlarından olan keçmiş xüsusi müşavir Cek Smit ilk dəfə ictimai şəkildə Donald Trampa qarşı aparılmış cinayət istintaqı barədə açıq və sərt mövqe ortaya qoyub. Musavat.com xəbər verir ki, Smit bildirib ki, 2021-ci il 6 yanvar tarixində yüzlərlə etirazçının ABŞ Kapitolisinə hücumu Trampın iştirakı və rolu olmadan baş verə bilməzdi.

Yanvarın 22-də Konqres komitəsində keçirilən və 5 saat davam edən dinləmələr Smitin məsələ ilə bağlı ilk canlı və birbaşa çıxışı kimi tarixə düşüb. Onun sözlərinə görə, istintaq qrupu Trampın 2 ayrı cinayət işi üzrə məhkum edilməsi üçün kifayət qədər güclü və inandırıcı dəlillər toplayıb. Söhbət bir tərəfdən 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdləri, digər tərəfdən isə Trampın vəzifədən getdikdən sonra məxfi dövlət sənədlərini qanunsuz şəkildə saxlaması ilə bağlı ittihamlardan gedir.

Cek Smit açıq şəkildə bəyan edib ki, Trampı ittiham etmək qərarından peşman deyil: “Əgər bu gün mənə eyni faktlarla prezidentin məsuliyyətə cəlb olunub-olunmaması sualı verilsəydi, istər respublikaçı, istər demokrat olsun, eyni qərarı verərdim. Bu ölkədə heç kim qanundan üstün deyil”.

Smitin sözlərinə görə, seçkiyə müdaxilə işi üzrə toplanan sübutlar Trampın əsas təşkilatçı və motivasiyaedici fiqur olduğunu açıq şəkildə göstərir: “Konqresə hücum Trampın iştirakı olmadan mümkün olmazdı. Digər şəxslər onun xeyrinə hərəkət edirdilər”.

Dinləmələr zamanı Konqresin siyasi qütbləşməsi bütün çılpaqlığı ilə üzə çıxdı. Respublikaçılar ittihamları Trampa qarşı “siyasi qisas” adlandıraraq, Cek Smiti səlahiyyətlərini aşmaqda günahlandırdılar. Bəzi respublikaçı konqresmenlər Smitin telefon dinləmələri və çağırış vərəqələri vasitəsilə siyasi izləmə apardığını iddia etdilər. Demokratlar isə əksinə, 6 yanvar hadisələrini ABŞ demokratiyasına birbaşa hücum kimi qiymətləndirərək Smitin fəaliyyətini açıq şəkildə müdafiə etdilər. Texasdan Respublikaçı konqresmen Troy Nels isə iğtişaşlara görə məsuliyyəti Trampın yox, Kapitol polisinin üzərinə atdı. Bu açıqlama zalda ciddi etirazlara və qışqırıqlara səbəb oldu. Dinləmələr zamanı Cek Smitdən Trampın Ağ Evə qayıtdıqdan sonra 6 yanvar hadisələrinə görə mindən çox şəxsi əfv etməsi də soruşulub. Smit bu qərarı anlamaqda çətinlik çəkdiyini deyib: “Polis əməkdaşlarına hücum etmiş şəxslərin kütləvi şəkildə əfv edilməsi gələcəkdə daha böyük cinayətlər üçün stimul yaradır”.
Onun fikrincə, bu addım hüquq-mühafizə orqanlarına qarşı zorakılığı normallaşdırmaq təhlükəsi daşıyır.

Dinləmələr gedən vaxt Donald Tramp İsveçrənin Davos şəhərindən Truth Social platformasında sərt paylaşımlar edib. O, Cek Smiti “dəli”, “qanunsuz təqib aparan fiqur” adlandırıb və onun məsuliyyətə cəlb olunmalı olduğunu yazıb. Tramp həmçinin Demokratları hədələyərək, “ölkəyə etdiklərinə görə böyük bədəl ödəyəcəklərini” bildirib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR