Deputat: "Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, enerji təhlükəsizliyində artan rolu, nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevrilməsi və diplomatik uğurları fonunda bu sammitə mümkün dəvəti..."
Dünya siyasətinin taleyini müəyyənləşdirə biləcək qərarların qəbul olunacağı növbəti mühüm platforma Ankara olacaq. İyulun 7-8 tarixlərində NATO-nun 36-cı Zirvə toplantısında Alyansın 32 üzv dövlətinin liderləri bir araya gələcək.
Bu toplantı təkcə Alyansın gündəliyini deyil, Ukrayna müharibəsindən Yaxın Şərqdəki böhrana, İran ətrafındakı gərginlikdən Suriyanın gələcəyinə, Avropanın təhlükəsizlik sistemindən qlobal güc balansına qədər uzanan geniş geosiyasi mənzərəni yenidən formalaşdırmaq potensialına malikdir. ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gözlənilən görüş isə sammitin əsas siyasi hadisəsi olacaq. Vaşinqton və Ankaranın verəcəyi mesajlar təkcə NATO üçün deyil, region ölkələrinin gələcək taleyi baxımından da həlledici əhəmiyyət daşıya bilər.
Belə bir mürəkkəb və tarixi mərhələdə Azərbaycanın mümkün iştirak perspektivi də xüsusi maraq doğurur. NATO ilə uzun illər davam edən tərəfdaşlıq, Türkiyə ilə strateji müttəfiqlik münasibətləri və Cənubi Qafqazın dəyişən geosiyasi reallıqları fonunda rəsmi Bakının Ankara sammitində təmsil olunması ölkəmizin beynəlxalq mövqeyi baxımından mühüm siyasi mesaj sayıla bilər. Xüsusilə son illərdə Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, enerji təhlükəsizliyində artan rolu, nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevrilməsi və diplomatik uğurları fonunda bu sammitə mümkün dəvət sıradan protokol məsələsi deyil, həm də Azərbaycanın beynəlxalq çəkisinin göstəricisi kimi qəbul oluna bilər.

Ankara sammitində qəbul ediləcək qərarlar dünyada hansı yeni siyasi düzəni formalaşdıracaq? Tramp-Ərdoğan görüşü hansı taleyüklü razılaşmalarla yadda qala bilər? Azərbaycanın sammitə dəvət olunması nə dərəcədə realdır və bu, Bakıya hansı əlavə siyasi dividendləri qazandıra bilər? NATO-nun yeni strategiyasında Türkiyənin və Azərbaycanın rolu daha da artacaqmı?
Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-da məsələlərə bu cür şərh verdi:
“NATO-nun 36-cı Zirvə toplantısı 7-8 iyul 2026-cı ildə Ankarada, Beştepe Prezident Kompleksində keçirilir. Bu, Türkiyənin 2004-cü il İstanbul sammitindən sonra ikinci dəfə ev sahibliyi etdiyi zirvədir. Ağ Ev təsdiqləyib ki, Tramp iyulun 7-də Ankaraya gələcək, dövlət qarşılama mərasimindən sonra Ərdoğanla ikitərəfli danışıqlar aparacaq. Görüşlər müdafiə xərcləri, yük bölgüsü və müdafiə sənayesi əməkdaşlığına həsr olunacaq. Diqqətə layiqdir ki, Tramp NATO üzvlüyünün öhdəliklərini yük kimi görür və Hörmüz boğazının yenidən açılmasına kömək etmədiklərinə görə müttəfiqləri tənqid edib. Hətta bildirib ki, məhz Ərdoğanın şəxsi xahişi olmasaydı, sammitə şəxsən gəlməzdi. Bununla belə, gözlənilir ki, müdafiə istehsalı, yeni istehsal müəssisələri və qabaqcıl Amerika silah sistemlərinin alınması ilə bağlı milyardlarla dollarlıq elanlar veriləcək. Tramp həmçinin Zelenski və Suriya prezidenti Əhməd əş-Şaraa ilə də ikitərəfli görüşlər keçirəcək. Zelenski ilə görüşdə Rusiya-Ukrayna müharibəsini bitirmək səyləri müzakirə olunacaq”.

Deputat Azərbaycan məsləsinə də toxundu: “Azərbaycanın iştirakı barədə heç bir rəsmi məlumat və ya dəvət haqqında xəbər yoxdur. Sammitin rəsmi iştirakçı siyahısına NATO üzvləri, Ukrayna, Yaxın Şərq tərəfdaşları (İstanbul Əməkdaşlıq Təşəbbüsü ölkələri-Qətər, Bəhreyn, Küveyt, BƏƏ), İndo-Sakit okean tərəfdaşları (Avstraliya, Yaponiya, Koreya, Yeni Zelandiya) və mübahisəli şəkildə Suriya prezidenti daxildir, lakin Azərbaycanın adı bu siyahıda çəkilmir. Tarixən Azərbaycan Prezidenti bir neçə NATO sammitinə (İstanbul 2004, Çikaqo 2012, Uels 2014, Varşava 2016) dəvət olunub, çünki Azərbaycan "Fərdi Tərəfdaşlıq" Fəaliyyət Planı çərçivəsində uzun müddətli tərəfdaşdır. Ancaq Ankaraya belə bir dəvətin verildiyinə dair heç bir təsdiq yoxdur.
Sammiti "sınaq" kimi də görmək mümkündür. Bəziləri onun NATO-nun daxili birliyini nümayiş etdirəcəyini gözləyir, digərləri isə uğurun sadəcə "Trampdan sağ çıxmaq" olacağını deyir. Avropalılar Tramp ilə İran və Qrenlandiya ətrafında yaranan gərginlikləri arxada qoymağa çalışırlar, eyni zamanda ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltması fonunda özlərinin müdafiəyə daha çox investisiya etdiklərini göstərmək istəyirlər”.
Cavanşir Abbaslı
Musavat.com






