İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın borcunu hesablamaq mümkün deyil - AÇIQLAMA

765 03.07.2026 02:15 Dünya A A

ABŞ Prezidenti Donald Trampın kriptovalyuta layihələrindən əldə etdiyi nəhəng gəlirlər onun vergi öhdəlikləri ilə bağlı yeni suallar yaradıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Donald Trampın maliyyə bəyannaməsinə əsasən, o, Ağ Evə qayıtdıqdan sonra kriptovalyuta layihələrindən təxminən 1,4 milyard dollar gəlir əldə edib.

Kriptovalyuta vergitutması üzrə mütəxəssislərdən birinin hesablamasına görə, Trampın ödəməli olduğu vergi məbləği ən azı 250 milyon dollar ola bilər. Əgər bu gəlirin hamısı fiziki şəxslər üçün nəzərdə tutulan 37 faizlik maksimal federal gəlir vergisinə cəlb edilsəydi, ödəniləcək məbləğ 518 milyon dollara çata bilərdi. Bu hesablamaya mümkün vergi güzəştləri daxil deyil.

Bununla belə, ekspertlər Trampın real vergi öhdəliyini müəyyən etməyin demək olar ki, mümkünsüz olduğunu bildirirlər. Qeyd olunur ki, əvvəlki bir sıra ABŞ prezidentlərindən fərqli olaraq Tramp vergi bəyannamələrini açıqlamır və kriptovalyuta layihələrindən əldə olunan gəlirlərin hansı şirkətlər vasitəsilə idarə edildiyi şəffaf deyil.

"Onun çox böyük məbləğ qazandığını bilirik, amma aktivlərin hansı mülkiyyət strukturu vasitəsilə idarə olunduğunu bilmirik. Bu, sanki qara qutudur",-deyə Kriptovalyutaların vergiyə cəlb edilməsi üzrə hüquq professoru Omri Marian bildirib.

Ağ Ev isə Trampın kriptovalyuta gəlirlərindən hansı məbləğdə vergi ödədiyi, gəlirlərin şəxsi gəlir, yoxsa şirkət gəliri kimi rəsmiləşdirildiyi, eləcə də vergi güzəştlərindən istifadə olunub-olunmadığı barədə sualları cavablandırmaqdan imtina edib.

Maliyyə bəyannaməsinə əsasən, Tramp $TRUMP mem-tokeni ilə bağlı lisenziya müqaviləsindən 625 milyon dollar royalti gəliri əldə edib. Bundan əlavə, rəqəmsal tokenlərin satışı və oğulları ilə birlikdə təsis etdiyi World Liberty Financial kriptovalyuta şirkətindəki payının bir hissəsinin satışı ona 590 milyon dollardan çox gəlir gətirib.

Ekspertlər bildirirlər ki, gəlirlər korporativ strukturlar vasitəsilə əldə edilibsə, onlar daha aşağı korporativ vergi dərəcəsi ilə vergiyə cəlb oluna və əvvəlki illərin zərərləri hesabına vergi yükü azaldıla bilər.

Məqalədə həmçinin qeyd olunur ki, may ayında ABŞ Ədliyyə Nazirliyi ilə Tramp administrasiyası arasında onun vergi bəyannamələrinin sızdırılması işi üzrə bağlanan razılaşma da əlavə suallar doğurub. Həmin sənədə əsasən, ABŞ Vergi Xidməti və Maliyyə Nazirliyi əvvəlki vergi bəyannamələrinə əsaslanaraq Trampa və ya onun şirkətlərinə qarşı iddia qaldıra bilməyəcək. Ekspertlərin fikrincə, bu razılaşma Trampın real vergi öhdəlikləri barədə məlumat əldə etməyi daha da çətinləşdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR