Avtomobil alqı-satqısı bazarında son illər əməliyyatların sayının artması ilə yanaşı, müxtəlif hüquqi problemlər də gündəmə gəlir. Sənədlərdə saxtalaşdırma, girovda olan nəqliyyat vasitələrinin satışa çıxarılması, etibarnamə ilə bağlı mübahisələr və mülkiyyət hüququnun rəsmiləşdirilməsində yaranan çətinliklər alıcılarla satıcılar arasında narazılıqlara səbəb olur. Hüquqi risklərin əvvəlcədən araşdırılmaması sonradan həm maddi zərərə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə yol aça bilər.
Bu barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, avtomobil alqı-satqısı zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri nəqliyyat vasitəsinin hüquqi statusunun tam
araşdırılmamasıdır:
“Təcrübədə bəzi hallarda avtomobil girovda olur, üzərinə həbs qoyulur və ya müxtəlif öhdəliklər mövcud olur. Alıcılar sənədləri ətraflı yoxlamadan müqavilə bağladıqları üçün sonradan mübahisələrlə üzləşirlər. Digər geniş yayılmış problem etibarnamə əsasında istifadə olunan avtomobillərin satılmasıdır. Etibarnamə mülkiyyət hüququ vermədiyindən, belə hallarda əsl sahibin hüquqları ilə bağlı çətinliklər yarana bilər. Buna görə də alqı-satqı yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Bəzi hallarda avtomobilin texniki vəziyyəti və ya keçmiş qəzaları barədə məlumat alıcıdan gizlədilir. Sonradan aşkar olunan ciddi qüsurlar tərəflər arasında mübahisələrə səbəb olur və məsələ məhkəmə müstəvisinə keçə bilir. Əgər satıcı qüsurları bilərəkdən gizlədibsə, alıcı müqavilənin ləğvini və ya dəymiş ziyanın ödənilməsini tələb edə bilər”.
O bildirib ki, avtomobilin faktiki sahibi ilə sənədlərdə göstərilən şəxs arasında uyğunsuzluqlar, saxta sənədlərdən istifadə, cərimə və vergi borclarının mövcudluğu da rast gəlinən problemlər sırasındadır:
“Bəzi vətəndaşlar notarial qaydada müqavilə bağlamadan və ya ödənişi təsdiqləyən sənədləri saxlamadan alqı-satqı həyata keçirirlər ki, bu da sonradan hüquqların müdafiəsini çətinləşdirir. Bu baxımdan, avtomobil alınarkən nəqliyyat vasitəsinin hüquqi vəziyyətinin yoxlanılması, alqı-satqının rəsmi qaydada rəsmiləşdirilməsi, ödənişlərin sənədləşdirilməsi və zərurət olduqda hüquqşünas məsləhətindən istifadə edilməsi tərəfləri gələcək risklərdən qoruyan əsas amillər hesab olunur. İnsanlar xüsusilə ucuz qiymət təkliflərinə aldanmamalı, hər bir əməliyyatı hüquqi baxımdan diqqətlə qiymətləndirməlidirlər”.
Beləliklə, avtomobil alarkən hüquqi tərəfləri yoxlamamaq insanı böyük fırıldaqçılıq şəbəkəsinin qurbanına çevirə bilər. Yəni ucuz qiymətə aldanıb rəsmi müqavilə bağlamayan şəxslər həm pullarını tam itirir, həm də dövlət qarşısında ağır məsuliyyətlə üz-üzə qalırlar.






