Ukraynanın Aİ-yə qəbulundan Koreya tipli bölgüyə və 0,5 trilyon dollarlıq bərpa paketinə qədər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ, Avropa və Kiyev arasında 20 maddəlik yeni sülh planının detallarına dair məlumatlar üzə çıxıb.
Sülh planı getdikcə kompromis variantına yaxınlaşır: Vaşinqton, Kiyev və Avropa paytaxtları ilk dəfə konkret Aİ üzvlük tarixlərini, təhlükəsizlik arxitekturasını və demilitarizasiya parametrlərini əks etdirən iyirmi maddəlik yeni paketi müzakirə edirlər.
Planın detalları Qərb mediasında açıqlanır. Rusiya mediasında isə Kreml tərəfindən heç bir sızıntı verilmir.
"The Washington Post"un məlumatına görə, Trampın sərt danışıqlar üslubuna baxmayaraq, razılaşma imkanı yaxınlaşır. Vaşinqton hesab edir ki, Ukrayna beynəlxalq zəmanətli sərhədləri olan suveren dövlət kimi qalacaq və Moskva buna veto qoya bilməyəcək. Nəşr bu barədə amerikalı, ukraynalı və Avropa rəsmilərinə istinadən yazır.
Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qəbul edilməsi təklifi xüsusilə müzakirə olunur. Aİ daxilində buna ən çox müqavimət göstərən Macarıstandır, lakin Tramp administrasiyası Budapeştin mövqeyini dəf etməyin mümkün olduğuna inanır. Vaşinqton düşünür ki, Ukraynanın Aİ üzvlüyü ticarət və investisiyaları gücləndirəcək, habelə korrupsiyaya qarşı mexanizmləri effektivləşdirəcək. Moskva isə bildirir ki, Aİ-yə inteqrasiya Kiyevin suveren qərarıdır.
Planın böyük hissəsi təhlükəsizlik təminatlarına həsr olunub. Ukrayna ABŞ Konqresi tərəfindən ratifikasiya ediləcək ikitərəfli təhlükəsizlik sazişi imzalamağa, bununla yanaşı Avropa ölkələri ilə ayrıca sənəd bağlamağa çalışır. Nümayəndə heyətlərinin müzakirə etdiyi variant kəşfiyyat məlumatlarının mübadiləsini və Rusiyanın istənilən pozuntusuna sürətli reaksiya mexanizmlərini nəzərdə tutur. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin sayının konstitusiya məhdudiyyəti olmadan 800 min nəfərlə məhdudlaşdırılması müzakirə olunur.
Donbasdan Xersona qədər bütün təmas xətti boyunca demilitarizasiya zonası yaradılması təklifi planın ən detallı bəndlərindən biridir. Sənəd geniş, qoşunlardan azad bir zolağın yaradılmasını nəzərdə tutur, onun arxasında isə ağır silahların qadağan ediləcəyi ikinci zona yerləşəcək. Bu ərazilərin monitorinqi mümkün gizli hərbi yığılmaların qarşısını almaq üçün maksimal dərəcədə sıx olmalıdır.
Ərazi məsələsi hələ də ən çətin başlıq olaraq qalır. İşçi variantlar arasında Ukraynanın özü tərəfindən də nəzərdən keçirilmiş Koreya ssenarisi var. Bu ssenari sabitləşdirilmiş təmas xəttinin müəyyənləşdirilməsini və mübahisəli rayonların statusunun sonrakı dövrdə həllini nəzərdə tutur.
Ukraynanın bərpası üçün dondurulmuş aktivlərdən 100 milyard dollar ayrılması ABŞ tərəfindən dəstəklənir və The Washington Post-un məlumatına görə, bu rəqəm daha da artıla bilər. Eyni zamanda Vaşinqton BlackRock-un rəhbəri Larri Finklə Ukraynanın İnkişaf Fondunun yaradılması üzərində işləyir. Fondun təxminən dörd yüz milyard dollar cəlb edə biləcəyi bildirilir. Dünya Bankı da bu prosesdə iştirak edir. Vaşinqtonda həmçinin sülh sazişindən sonra Rusiya üçün oxşar investisiya paketinin mümkünlüyü də müzakirə olunur.
Bununla belə, The Washington Post-un müəllifi xəbərdarlıq edir ki, Trampın təzyiqi prosesi poza bilər. Məqalədə deyilir ki, Kiyev və Avropaya həddən artıq təzyiq göstərmək danışıqların dinamikasını dəyişə, prosesin uzanmasına və hətta müharibənin uzadılmasına səbəb ola bilər. Müəllif qeyd edir ki, diplomatiya “indi və ya heç vaxt” prinsipi ilə işləmir və prosesin süni şəkildə sürətləndirilməsi Trampı nəticəsiz qoya bilər.
Razılaşmanın dəqiq müddətləri hələlik məlum deyil. "Financial Times" yazır ki, Tramp Zelenskidən bir neçə gün ərzində cavab almağı və razılaşmanı katolik Miladına qədər imzalamağı ümid edir. Ukrayna mənbələri isə bildirir ki, ABŞ sərt bir son tarix qoymayıb, lakin Kiyevin mövqeyini mümkün qədər tez əldə etmək istəyir.
Musavat.com






