Xaricdə yaşayan bir neçə azərbaycanlının aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin ABŞ-də qaldığı hotelə daxil olmaq istəməsi və təxribat törətməsi Azərbaycan cəmiyyətində etirazla qarşılanıb və qətiyyətlə pislənir.
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli Musavat.com-a bildirib ki, Vaşinqtonda özünü “diaspor nümayəndəsi” kimi təqdim edən rəzillər tərəfindən törədilən təxribatlar, bir neçə gün öncə Münhen Təhlükəsizlik Konfransının keçirldiyi məkan ətrafında sərgilənən “tamaşalar” təsadüfi hal deyil. Bu olaylar son 30 il müddətində Azərbaycana qarşı hibrid savaş aparan şəbəkənin bütün iştirakçılarını tam aşkara çıxardı:
“Bir həftə ərzində “beynəlxalq təşkilatları” (“Amnesty International”ın bəyanatı), Konqresdəki lobbi qruplarını ( Demokrat Partiyasının Nümayəndələr Palatasındakı üzvü Frenk Pallonenin açıqlamasə), ANCA -nı (Amerika Erməni Milli Komitəsinin bəyanatları) və nəhayət, özünü Azərbaycan diasporunun nümayəndəsi kimi sırıyan ünsürləri eyni anda hərəkətə gətirən hansı qüvvədir: Ruben Vardanyanın pullarımı, Rusiyanın geosiyasi ambisiyalarımı, yoxsa Azərbaycanın içindəki “beşinci kolon” təmsilçilərimi? Bəlkə elə hamısı birlikdədir? Özünü “diaspor nümayəndəsi” kimi təqdim edənlər tərəfindən törədilən hadisələr öncədən planlaşdırılmış və mərhələli şəkildə icra olunmuş təxribat təsiri bağışlayır. Onlar əvvəlcə təhlükəsizlik xəttinə yaxınlaşır və baryerləri aşmağa cəhd edirlər. Ardınca təhlükəsizlik əməkdaşlarını təhqir və fiziki müdaxiləyə təhrik edirlər, daha sonra isə çəkilmiş kadrları çox sürətlə informasiya dövriyyəsinə buraxırlar.
Nəzərə almaq lazımdır ki, ABŞ qanunvericiliyinə görə, xarici dövlət başçısının səfəri zamanı yaradılan təhlükəsizlik xətti hüquqi sərhəd hesab olunur. Təhlükəsizlik əməkdaşının “geri çəkilin” əmri verildiyi andan həmin xətt qanuni məhdudiyyət sayılır. Videokadrlarda aksiya iştirakçılarının baryeri zorla aşmağa cəhd göstərməsi, təhlükəsizlik əməkdaşlarının ardınca qaçaraq onları təhqir etməsi və aqressiv ifadələr işlətməsi aydın görünür.
Hadisənin informasiya müşayiəti isə xüsusilə diqqət çəkir. Təxribat eyni anda fərqli vasitələrlə çəkilib. Həmin videolardan ikisi dərhal Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən öz loqosu ilə paylaşılaraq sanki əvvəlcədən hazırlanmış material kimi təqdim edilib. Bu fakt videonun təsadüfi paylaşım olmadığını, koordinasiya edildiyini təsdiqləyir. Hadisəyə ilk siyasi reaksiyanın məhz ANCA təmsilçilərindən gəlməsi şübhələri artırır”.
Ekspert qeyd edib ki, bunun ardınca ABŞ Konqresində erməni lobbisinin fəal simalarından biri – Frenk Pallone açıqlama verərək ənənəvi anti-Azərbaycan ritorikasını təkrarlayıb və bu da koordinasiyalı prosesin təşkil edildiyinin sübutudur:
“Pallone uzun illərdir Azərbaycanla bağlı qərəzli mövqeyi ilə seçilir. O, vaxtilə 907-ci düzəlişin sərt tətbiqini dəstəkləyib. Həmçinin, COP29 zamanı təxribatçı hərəkətlər edib.
Bütün faktları ardıcıllıqla düzəndə bir mənzərə yaradır ki, Vaşinqtonda baş verənlər təsadüfi etiraz deyil, əvvəlcədən düşünülmüş və informasiya effekti üzərində qurulmuş təxribat idi. Aksiyada iştirak edən və özlərini “diaspor nümayəndəsi” kimi təqdim edən şəxslər faktiki olaraq erməni şəbəkəsinin ritorikasına uyğun davranaraq, həmin dairələrlə eyni informasiya cəbhəsində yer aldılar. Məqsəd insidenti yaratmaq, sonra isə bunu beynəlxalq mediada Azərbaycanın “zorakılığı” kimi təqdim edərək siyasi təzyiq alətinə çevirmək idi”.
M.Ələsəgərli vurğulayıb ki, Azərbaycan xalqı, ictimaiyyəti ölkəmizə düşmən kəsilən bu qüvvələrin təxribatlarını qətiyyətlə pisləyir. Heç bir təxribat və bu kimi çirkin oyunlar Azərbaycanın daxilində xalq-dövlət, xalq-İlham Əliyev birliyini poza bilməz.
Etibar Seyidağa,
Musavat.com






