ABŞ Venesuelaya məxsus və ya bu ölkəyə yönələn sanksiyalı neft tankerlərinin blokadasını davam etdirəcək.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset açıqlama verib.
Nazirin sözlərinə görə, Donald Tramp mövqeyini açıq şəkildə ifadə edib:
Venesueladan çıxan və ya Venesuelaya daxil olan sanksiyalı neft tankerlərinə qarşı blokada, Karakas hakimiyyəti ABŞ-a məxsus “oğurlanmış aktivləri” tam şəkildə geri qaytarmayana qədər qüvvədə qalacaq.
Heqset Nikolás Maduro hakimiyyətini “cinayətkar qruplaşma” adlandıraraq bildirib ki, ABŞ Qərb yarımkürəsində zorakılıq, narkotik ticarəti və xaosun hökm sürməsinə imkan verməyəcək.
Nazir əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi Sahil Mühafizəsi ilə birgə “Cənub Nizəsi” (Southern Spear) əməliyyatı çərçivəsində dənizdə hədəflərin ələ keçirilməsi və qeyri-qanuni şəbəkələrin məhv edilməsi üçün sərt tədbirlər görəcək. Onun sözlərinə görə, bu əməliyyatlar “mərhəmətsiz şəkildə” həyata keçiriləcək.
Musavat.com






