İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəbərdarlıq: Tramp İranı “dağıtmazdan əvvəl” türk faktorunu düşünməlidir

772 26.01.2026 21:07 Gündəm A A

ABŞ-nin nüfuzlu The Washington Post qəzeti İranla bağlı mümkün ssenariləri təhlil edərkən etnik amilin, xüsusilə də İran türklərinin taleyinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, Donald Tramp administrasiyası İranı zəiflətmək və ya “dağıtmaq” planları qurarkən ölkə daxilindəki etnik balansı, xüsusən də milyonlarla türkün yaşadığı bölgələri ciddi risk faktoru kimi qiymətləndirməlidir.

Məqalədə xatırladılır ki, 1979-cu il İran İslam inqilabı zamanı Azərbaycan Sovet İttifaqının tərkibində qapalı vəziyyətdə idi və regional proseslərə təsir imkanları yox dərəcəsindəydi. Müstəqillikdən sonra isə uzun illər Ermənistanla müharibəyə cəlb olunmuş, zəif və resursları məhdud bir dövlət kimi İranın daxili balansında həlledici rol oynamırdı.

Lakin bu gün mənzərə köklü şəkildə dəyişib. Azərbaycan artıq NATO standartlarına uyğun orduya malik, Türkiyə ilə dərin strateji əlaqələr quran və İsraillə sıx təhlükəsizlik tərəfdaşlığı formalaşdıran yüksələn regional güc kimi təqdim olunur. The Washington Post-un təhlilində qeyd olunur ki, Bakının hərbi-siyasi çəkisi əvvəlki dövrlərlə müqayisədə qat-qat artıb.

Nəşr xüsusilə diqqətə çatdırır ki, İranda zorakı daxili münaqişə ssenarisi baş verərsə, Azərbaycan proseslərdən kənarda qala bilməz. Məqaləyə görə, belə bir vəziyyətdə Bakı, çox güman ki, Türkiyənin dəstəyi ilə İran ərazisində yaşayan soydaşlarının təhlükəsizliyini təmin etmək üçün müdaxiləyə məcbur olacaq.

The Washington Post yazır ki, məhz bu reallıq Trampın və onun ətrafının İranla bağlı istənilən sərt ssenarini nəzərdən keçirərkən Cənubi Qafqazda və daha geniş bölgədə yaranacaq yeni geosiyasi nəticələri diqqətlə hesablamasını zəruri edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR