“Yeni Müsavat” qəzetinin yaradılmasının 36-cı ildönümü qeyd olunur
Musavat.com xəbər verir ki, bu gün (10.11.2025) Azərbaycan media tarixində özünəməxsus yeri olan “Yeni Müsavat” qəzetinin yaradılmasının 36-cı ildönümüdür.
Qəzet 1989-cu ilin noyabr ayında Rauf Arifoğlu tərəfindən təsis edilib və o dövrdən etibarən ölkədə milli oyanış prosesinin, siyasi mübarizənin, demokratik dəyərlərin və mətbuat azadlığı ənənəsinin formalaşmasında mühüm rol oynayıb. “Yeni Müsavat” sərt sovet senzurasının davam etdiyi bir mərhələdə müstəqillik ideyalarının mətbu tribunasına çevrilərək yeni düşüncə dalğasının informasiya dayaqlarından biri oldu, 1990-cı illərdə Azərbaycanın siyasi həyatında baş verən ən mühüm proseslərin mərkəzində dayandı və çoxsaylı təzyiq, təqib və məhdudiyyətlərə baxmayaraq fəaliyyətini davam etdirdi.

Zaman keçdikcə qəzet təkcə çap mediası kimi deyil, həm də geniş multimedia platformasının əsasını təşkil edən media qrupuna çevrildi. Bu gün “Yeni Müsavat” brendi əsasında Musavat.com xəbər saytı, TV Müsavat internet televiziya kanalı, Minval.az (rus dilində) və Minval.info saytları, geniş izləyici kütləsinə malik sosial şəbəkə resursları, Telegram və digər rəqəmsal platformalar fəaliyyət göstərir. Qrup həmçinin Instagram və TikTok kimi yeni nəsil media kanallarında da yüz minlərlə izləyici auditoriyasına malikdir. Beləliklə, “Yeni Müsavat” print mətbuatdan rəqəmsal media modelinə keçidi Azərbaycan KİV-i üçün ən uğurlu nümunələrdən biri kimi həyata keçirib.
Hazırda qəzetin 8.814-cü nömrəsi çap olunub və “Yeni Müsavat” 36 ildir ki, fasiləsiz şəkildə oxuculara çatdırılır. Bu müddət ərzində qəzet ölkənin ictimai-siyasi həyatının ən həssas məqamlarında öz mövqeyini qoruyub, cəmiyyət üçün müzakirə və fikir mübadiləsi platforması rolunu yerinə yetirib. Redaksiya bildirir ki, qəzetin əsas məqsədi həm bu gün, həm də gələcəkdə müstəqil sözün, vətəndaş mövqeyinin və ictimai məsuliyyətin ifadəçisi olmaqdır.

Qəzetin 36-cı ildönümü münasibətilə oxuculara, müəlliflərə və media ailəsinin bütün üzvlərinə təşəkkür edilir, hər kəsə can sağlığı və uğurlar arzu olunur. Bu münasibətlə “Yeni Müsavat”ın keçdiyi yolun əks olunduğu qısa sənədli film TV Müsavat tərəfindən hazırlanıb və geniş ictimaiyyətə təqdim olunur. Film nəşrin formalaşma tarixini, mübarizə mərhələlərini və bu günə qədər gəlib çıxmış media məktəbinin dəyərlərini əks etdirir.
Sənədli filmi bu linkdən izləmək mümkündür.
Aşağdakı fotolar "Yeni Müsavat" Media Qrupunun 08.11.2025-ci il tarixində keçirilən qeyri-rəsmi tədbirindəndir:
Musavat.com
İlk yayım saatı: 08.11.2025, saat: 16:26






