İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski-Tramp görüşü: Ukraynanın taleyi bu masada necə həll olunacaq?

634 27.11.2025 16:58 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp arasında yaxın günlərdə yüksək səviyyəli görüş keçiriləcəyi barədə məlumatlar dünya mediasında böyük maraqla qarşılanıb. Bildirilir ki, tərəflər Ukrayna müharibəsinin dayandırılmasına dair ABŞ-ın hazırladığı və uzun müddətdir müzakirə olunan sülh planını yekunlaşdırmaq niyyətindədirlər. Bu isə həm region üçün, həm də qlobal geosiyasi balans üçün həlledici məqam kimi qiymətləndirilir.

Bəs Zelenski-Tramp görüşü nə ilə nəticələnə bilər? Qarşıdakı masa hansı ssenariləri ortaya çıxara bilər?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Tramp ilə Zelenski arasında keçirilən ilk görüş kifayət qədər gərgin keçmişdi və bu gərginlik sonradan ABŞ–Ukrayna münasibətlərinə də müəyyən mənada təsir göstərdi. Həmin görüşdən sonra Zelenski çıxışlarında daha ehtiyatlı, daha ölçülü və bir qədər də fərqli mövqedən danışmağa başladı. Artıq o, Tramp ilə açıq qarşıdurmaya getmirdi, baxmayaraq ki, Trampın irəli sürdüyü təşəbbüslər və təklif edilən sülh modelinin ilkin variantları nə Ukraynanın dövlət maraqlarına, nə də Zelenskinin siyasi mövqeyinə uyğun gəlirdi.

Sonuncu dəfə müzakirəyə çıxarılan 28 maddəlik plan da, əslində, Ukraynanın maraqlarını tam şəkildə əks etdirmirdi. Buna baxmayaraq, Zelenski bu dəfə ilkin mərhələdə “qəti yox” demədi. O bildirdi ki, müzakirələr davam etməlidir və planın bəzi müddəaları yenidən işlənə bilər. Cenevrədə keçirilən görüşdən sonra Tramp administrasiyası həmin sənədə müəyyən dəyişikliklər etdi və məhz bundan sonra Zelenskinin sənədə daha yumşaq reaksiyası hiss olunmağa başladı".

Politoloqun fikrincə, indi keçiriləcək növbəti görüş birinci görüşdən fərqli olaraq daha sakit, daha nəzarətli mühitdə baş tutacaq:

"Zelenski də bunun fərqindədir: Trampın ilkin planında aparılan dəyişikliklərdən sonra Ukrayna tərəfi müəyyən məqamlarda ortaq məxrəcə gəlməyə meylli görünür. Əsas məqam ondan ibarətdir ki, bu dəyişiklikləri Rusiya tərəfi, xüsusən də Vladimir Putin qəbul edəcəkmi? Çünki sülh planının reallaşması üçün təkcə Kiyevin razılığı kifayət etmir, Moskvanın da ən azı baza şərtlərə razılıq verməsi zəruridir.

Digər tərəfdən, Zelenski hazırda ABŞ-la münasibətləri gərginləşdirmək istəmir. Supergüc olan Amerikanın siyasi və hərbi dəstəyi Ukrayna üçün həyati əhəmiyyət daşıyır. Ukraynanın hərbi texnikası, maliyyə yardımı, diplomatik dayaqları - bütün bunlar ABŞ-ın mövqeyi ilə sıx bağlıdır. Bu səbəbdən Zelenski qarşıdakı görüşdə maksimum dərəcədə konstruktiv mövqe sərgiləməyə çalışacaq.

Daha bir hədəf isə Trampın Rusiya üzərinə əlavə təzyiq göstərməsinə nail olmaqdır. Zelenski istəyir ki, Tramp dəyişdirilmiş planın qəbul edilməsi üçün Putinə daha ciddi mesajlar versin. Lakin bunu gözləmək o qədər də asan deyil — çünki Trampın Moskva ilə münasibətləri, onun özü üçün müəyyən siyasi tarazlıq məsələləri mövcuddur.

Nəticə olaraq, qarşıdakı görüşün sakit keçəcəyi gözlənilir. Lakin sakitlik böyük dəyişiklik və ya ciddi dönüş vəd etmir. Mühəribə indiki məcrada, əvvəlki templə davam edəcək və yaxın perspektivdə radikal dəyişiklik görünmür".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR