Rusiya-Ukrayna savaşı bitəndən sonra prezident Volodimir Zelenskinin taleyinin necə olacağı son günlərdə ciddi müzakirə olunmağa başlayıb. Bu da səbəbsiz deyil.
Çünki, 3 il 9 aylıq savaş sona doğru gedir. Artıq kollektiv Qərb müharibənin uzanmasında maraqlı görünmür. Son olaraq, Ağ Ev sahibi Donald Trampın 28 bəndlik sülh planı, eləcə də, Avropa İttifaqının buna qarşı çıxardığı 24 bəndlik sülh planı XXI əsrin ən ağır savaşının bitəcəyi anlamına gəlir.
Əslində Qərb ölkələrinin arxasında durduqları dövlət başçılarının sonda aqibətlərinin necə olduğunu zaman-zaman yaxşı görmüşük. Bircə nümunə çox şeyi deyir.
2003-cü ildə Avropa ölkələrinin tam dəstəyi nəticəsində “Qızılgül inqilabı” ilə hakimiyyətə gələn Mixail Saakaşvilini xatırladaq: iqtidarı illərində Qərbmeylli siyasətə tam şəkildə üstünlük verdi, nəticədə 2008-ci ildə rus qoşunları Tiflisin 60 kilometrliyinə qədər irəlilədi, Cənubi Osetiya və Abxaziya ilhaq olundu. Hazırda Mişa da Gürcüstan həbsxanasında yatır. Heç yada salan da yoxdur...
Əgər savaş bitsə, Ukrayna böyük ərazi itkisinə məruz qalsa-hərçənd ki, bu çox real görünür, Zelenski nə edəcək? Avropaya üz tutacaq, yoxsa? Daxildəki seçkilərdə qalib gələ biləcəkmi?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Ukrayna prezidenti Zelenskinin düşdüyü vəziyyət çox acınacaqldıır: “Rusiya Prezidenti Vladimir Putin Zelenskinin hakimiyyətinin legitimliyini tanımır. Buna görə də, onunla birbaşa görüşdən imtina edir və açıq şəkildə tərəf müqabili hesab etmədiyini deyir. Yəni bilərəkdən aşağılayıcı təzdə davranır. Donald Tramp isə sabiq ABŞ prezidenti Co Baydenlə yaxın münasibələrinə görə, Zelenskiyə nifrət edir. Ağ Evdəki məlum olaylar da bundan qaynaqlanırdı.
Avropa İttifaqının isə qorxaq və qürursuz liderləri yalnız öz təhlükəsizliklərinin təminatı üçün Ukraynaya limitli dəstək verirlər. Yəni Rusiya-ABŞ danışıqlarını pozmaqla Ukrayna münaqişəsinin nizamlanmasından sonra ABŞ-nin Avropa İttifaqına təzyiq və təhdidlərinin olmayacağının təminatını almağa çalışırlar. Əgər Vaşinqton bu gün bu təminatı verərsə, Avropa İttifaqı ölkələrinin liderləri də dərhal Zelenskidən üz döndərəcəklər. Göründüyü kimi proses bu qədər açıq, rüsvayçı və ucuz xarakter alıb. Bu da əlbəttə, Zelenskini çox çətin vəziyyətə salıb.
Ona görə də hesab edirəm ki, istənilən halda Zelenskinin hakimiyyətdə qalma şansı yoxdur. Ukraynada növbəti hakimiyyəti isə ABŞ və Rusiya arasında olacaq konsensus müəyyən edəcək. Bu yanaşma da Zelenskinin şəxsi taleyini də sual altına qoyur. Böyük ehtimalla Ukraynada yaşaya bilməyəcək. Optimal variant Qərbi Avropa ölkələridir”.
Cavanşir ABBASLI
Musavat.com






