Əgər hər bir böyük amnistiya aktı cəmiyyətdə bu qədər razlılıq doğurursa, görün, belə hadisələri məhbuslar özləri necə sevinclə və razılıqla qarşılayırlar.
Həqiqətən də ciddi humanist aksiyadır. Amma adamı müəyyən düşüncələrə də sövq edir bu qəbildən olan hadisələr. Səhv etmirəmsə, birinci böyük amnistiya aktı da deyil bu, ölkə müstəqillik əldə edəndən azı 10 belə aksiya olub səhv etmirəmsə. Bunun özü də bayaq dediyim kimi müəyyən qənaətlərə sövq edir adamı.
Etiraf edim ki, heç vaxt hüquq-mühafizə orqanlarıyla hansısa bir bağlılığım olmayıb. Heç hüquqşünas da deyiləm, hətta özümü hüquq eksperti də hesab etmirəm. Elə bu xüsusda əvvəlcə kiçiçik, bir azca da məzəli qeydim olacaq.
Bəzi keçmiş siyasi tərəfdaşları telekanallarda, hansısa bir saytlarda nəyisə şərh edən görəndə ürəyim açılır. İnanın, bunun özü də, mübaliğəli olsa da, siyasi, milli barış aktı təsiri bağışlayır.
Hakimiyyət adamlarının, keçmiş və indiki müxalifətçilərin, eləcə də müstəqil ekspertlərin hətta xarici siyasət məsələlərində mövqeləri getdikcə yaxınlaşırsa, sinxronlaşırsa, bunun özü böyük hadisədir, hətta əvvəldə qeyd etdiyim kimi, simvolik milli–siyasi barışığın mümkünlüyünə işarədir: bəzi “saray və sarayətrafı yaltaqlar” imkan versə, İnşallah, hər şey yaxşı olar, heç olmasa, övladlarımız gələcəkdə sülh və barış şəraitində yaşayarlar, yoxsa bir kiçik ölkədə axı nə qədər konfrantasiya, qarşıdurma olar?..
Əlbəttə ki, sırf daxili məsələlərdə müəyyən uyuşmazlıqlar və yaxud hansısa fərqli mövqelər, haçalanmalar ola bilər, hətta olmalıdır da. Bir siyasi partiyanın, siyasi liderin hansısa bir məsələyə fərqli baxışı olar və olmalıdır da.
Buna nə təəccüblənmək lazımdır, nə də ki, qeyzlənmək. Xarici siyasət başqa şeydir, bunun bir ucu istər-istəməz gedib suverenlik, müstəqillik kimi ən ali dəyərlərə söykənir və təbii ki, bu cür məsələrdə mövqelərin yaxınlaşmaası zəruridir: təkrar deyirik bunu.
Bəs bir az əvvəldə qeyd etmək istədiyim detal nədir? Bir tanış hüquqşünas var. Savadlı adam olub, özü də keçmiş hərəkatçıdır. Yəni həmişə sayğım olub adama, indi də onu bilmirəm, amma şəxsən mən bu hisslərimi saxlayıram ona qarşı.
Sözüm nədir? Adam arabir açıqlamalar, şərhlər verir bəzi məsələlərlə bağlı, amma özünü hər dəfə “siyasi şərhçi”- politoloq kimi təqdim edir, halbuki çox savadı hüquqşünasdır.
Bu detal məndə bir başqa təəssürat yaradır: axı hüquq heç də politologiyadan geri elm deyil, əksinə politologiya da, sosiologiya da təxminən 150-200 il əvvəl yaranıbdı. Amma görün, hüququn tarixi elm kimi hara gedib çıxır?..
Həm də hüquqşünaslıq siyasətlə məşğul olmaq üçün heç də hansısa mənada əngəl deyil, əksinə ABŞ prezidentlərinin böyük əksəriyyəti hüquqşünas-vəkil olub, hətta aralarında Tomas Cefferson, Vudro Vilson kimi hüquq alimləri də olub! Həm də hüququn bir tərəfi də beynəlxalq hüquqla bağlıdır və əksər hallarda digər siyasətçilər belə məsələlərdə bir az “axsayırlar”.
Həm də düşünürəm ki, bəzi hüquqi məsələlərlə bağlı mənim kimi siyasi ekspert və ya siyasi təhlilçi yox, hüquqşünas şərh versə, daha yaxşı olar.
Gələk məsələnin mübtədasına. Şəxsən məni son amnistiya aktı hansı fikrə sövq etdi? Özüm üçün kiçik hesablama apardım. Əgər amnistiya aktı 20 min adama şamil olunursa, deməli məhbusların sayı bundan qat-qat çoxdur, bilmirəm, bəlkə də 40-50 min, hətta bundan da çoxdur.
Ona görə də məsələ yadıma bir detalı da saldı. Vaxtilə avropalı ekspertlər deyirdilər ki, Azərbaycan kiçik ölkədir, vur-tut, 10 milyon əhalisi var, ona görə də bu qədər məhbus olmamalıdır sizdə! Əlbəttə, daha dəqiq ədədləri ədliyyə işçiləri bilir, bizsə yalnız gümanlarımızı yazırıq. Amma bir daha deyirəm ki, vaxtilə avropalı eskpertlər bunu irad tuturdular bizə.
Şəxsən özümün də müəəyyən qənaətlərim var. Əlbəttə, hüquqşünas deyiləm, amma qanunlardan, hüquqi aktlardan bir az məlumatlıyam. Bilirsiniz, söhbət nədən gedir? Qanunlarımızın çoxunda bir az qeyri-müəyyənlikmi deyim, yoxsa “çoxvariantlıq” adlandırım, hər halda, buna bənzər şey var, özü də çoxdur. Onlarda tez-tez rast gəlinən “və ya”, “və yaxud” kimi bağlayıcılar heç də yaxşı hal deyildir, zənnimcə, qanunlar, xüsusən sanksiyalar daha birmənalı olmalıdır.
Amma görürsən, yazılır ki, bəs filan şeyə görə inzibati cərimə və yaxud da cinayət məsuliyyəti nəzərdə tutulur!
Əgər bir məsələni cəriməylə həll etmək mümkünsə, daha cinayət məsuliyyətinə nə ehtiyac var? Bu, həm də bəzi hallarda sui-istifadələrə şərait yaratmırmı: müvafiq orqanların “bığının altından” keçdinsə cərimə ilə qurtaracaqsan, yox, keçmədinsə, əşyalarını yığışdır və yollan həbsə!..
Eləcə düşünmək lazımdır ki, bəlkə cinayət məsuliyyətinin sferasını bir az daraltmaq lazımdır? Bəlkə həqiqətən bəzi qanunlarımız çox sərtdir və yaxud hələ də “hüquqi volyuntarizm”lərə şərait yaradan “lazeyka”lar var qanunlarımızda? Buna görə də əvvəldə dedik ki, növbəti amnistiya aktı həm də düşündürməlidir bizi...




