Bir-iki həftə əvvəl daha bir qardaş ölkədə - Özbəkistanda “İslam sivilizasiyası mərkəzi” açıldı. Açılış mərasimində demək olar, bütün türk dövlətlərinin liderləri iştirak etdilər.
Əlbəttə, çox ciddi və önəmli hadisədir, bir az da simvolikdir və hamımızı bir detal üzərində dərindən düşünməyə vadar edir.
Müasir dünyada filosoflar, kulturoloqlar, sosioloqlar və yaxud politoloqlar, hətta ədəbiyyatçılar, bir sözlə, bütün intellektuallar “xristian sivilizasiyası”, “islam sivilizasiyası” və s. kimi anlayışları müzakirə edirlər.
İmkan daxilində bu intellektual debatları izləməyə çalışırıq. Məsələ bundadır ki, burada mübahisəli, hətta qaranlıq məqamlar çoxdur.
Hər birimizdə, hətta ən sadə Yer kürəsi adamında istər-istəməz sual yaranır ki, məsələn, “xristian sivilizasiyası” nədir? Doğrudanmı, bu, həm də müasir Putin Rusiyası və onun Ukraynaya, xalqına qarşı cinayətkar müharibəsi deməkdir7..
“İslam sivilizasiyası” kontekstində də problemlər və suallar çoxdur. Bəs biz, eləcə sadə müsəlmanlar bu anlayışa hansı məna verir, onu necə başa düşürük?
Doğrudanmı, bu, da hamıya tanış məşhur “Taliban”, İran molları və yaxud da çalmalı ərəb şeyxləri deməkdir, yoxsa müsəlmanların mədəni, mütərəqqi dünyaya təklif etməyə başqa nələrisə var?..
Düşünürük hamı, əsas da müsəlman intellektualları daim bu haqda düşünməlidirlər ki, təkrar orta əsrlərə, cəhalətə və inkvizisiya dövrünə qayıtmayaq.
Yadıma gəlir, növbəti dəfə ABŞ politoloqu S.Hantinqtonun “sivilizasiyaların toqquşması” haqda nəzəriyyəsi müzakirə olunanda ABŞ-ın o vaxtki dövlət katibi Madlen Olbrayt demişdi: “Dünyada sivilizasiyaların toqquşması yox, sivilizasiyalılığın sınağı prosesi gedir!”
Əlbəttə, mübahisələr, fikir ayrılığı labüddür, çünki sivilizasiyaların qovuşması, ümumi planetar sivilizasiyanın yaranması asan proses deyil. Mühüm olanı nədir? Bir sovet dissident filosofu (Q.S.Pomerants) demişdi ki, polemikaların predmeti daim dəyişir, onların aparılması üsulu daha çox önəm kəsb edir, çünki sivilizasiyanı irəli aparan daha çox polemikaların aparılması üsuludur...
Əgər keçmiş sovet dissident filosofundan-intellektualından sitat gətirdiksə, post-sovet fəzası kimi sosio-kulturoloji arealdan da, hansının özünü ki, məşhur siyasətçi, yazıçı Havel Absurdstan, onun sakinlərini isə digər filosof-dissident Zinovyev “homosovetikus” adlandırmışdı.
Vaxtlilə mütərəqqi insanları “qara Afrika”da baş verən bəzi proseslər narahat edirdi, indisə nə qədır qəribə və təəccüblü olsa da, onların diqqəti yenə post-sovet məkanına yönəlib, əsasən də ona görə ki, bu geosiyasi arealın nüvəsini militarist Rusiya təşkil edir.
Əfsuslar olsun ki, 21-ci əsrdə rus adamı və Rusiya yenidən Yer sivilizasiyasının insanlarının hamısını ciddi narahat etməyə başlayıb: “müasir” Putin Rusiyası insanları keçmiş SSRİ-dən az narahat etmir.
Hətta post-sovet ölkələrinin insanları öz siyasətçilərindən, diplomatlarından və hərbçilərindən az təlaşlandırmır bəşəriyyəti. Əgər bu sosio-kulturoloji-geosiyasi məkanın intelllektualı da deyirsə ki, qoy, dünya bizdən qorxsun, bu, bizim maraqlarımıza cavab verir, siyasət, diplomatiya, hərb adamlarının bəyanatlarına, az qala, hər kiçik şeydən ötrü bəşəriyyəti nüvə silahıyla hədələməsinə təəccüblənməyə dəyərmi?..
Əlbəttə, bəşəriyyət üçün əsas təhlükə Putinin formalaşdırdığı Rusiya dövlətidir.
Bəs digər post-sovet ölkələrində vəziyyət necədir? Təəssüf ki, nikbin notlar yoxdur; Absurdstan da, “homosovetikus” fenomeni də qalır hələ.
Əlbəttə ki, bu seqmentin sosial-siyasi strukturu cəmiyyətlərin təkamülünü ləngidən əsas səbəbdir; təəssüf, SSRİ kimi totalitar dövlətlərin yerində kiçik “avtoritar adalar” yaranıb, onların siyasi və sosial strukturu kristallaşmayıb, hələ xaos və bulanıq məqamlar çoxdur.
Bura insanı Qərbdəki kimi özünə güvənli deyil, onlar daim nədənsə ehtiyat edir, hətta qorxurlar, çünki bunun üçün ciddi əsaslar hələ də qalır: ölkələri və dövlətləri stabil, proqnozlaşdırılan deyil, üstəgəl, bu ölkələrdə bir çox hallarda qanunları pozmadan yaşamaq olmur, hətta bəzən bu ölkələrin və dövlətlərin korrupsioner strukturu insanları buna sövq edir: təəssüf, insan hətta öz qanuni haqlarını belə təmin etmək üçün böyük və kiçik məmurların “bığının altından” keçməli olur.
Ötən dəfələrdə də yazmışdıq bunları. Qərb insanı vergisini ödəyirsə, qanunları pozmursa, kimsənin işi olmur onunla! Post-sovet ölkələrində insanların hələ belə “sığorta”sı yoxdur, çox məsələləri qanunlar yox, ən yaxşı halda, məmurların “insafı” həll edir.
Hətta Ukrayna, Moldova kimi avropayönümlü post-sovet ölkələrdə vəziyyət ürəkaçan deyil, orada da korrupsiyanın əqrəbləri kəllə-mayallaq vurur. Gürcüstanda eks-prezident M.Saakaşvili kardinal şəkildə azalda bilmişdi bu bəlanı, amma deyəsən, indi Gürcüstan da “köhnə qaydalara və zamanlara” qayıdır...
Bir sözlə, əksər post -sovet ölkələrində hələ siyasi mədəniyyət, mütərəqqi dövlətçilik ənənələri özlərini təsdiq edə bilməyib. Bir daha deyirik ki, bu ölkələrdə yeni prezidentlərin ən birinci qərarı əvvəlkilər haqda cinayət işi aşmaq olur.
Saakaşvili seçkidə məğlubiyyətini qəbul etmişdi, halbuki o, da ən azı seçkini saxtalaşdırmağa cəhd edə bilərdi, amma etmədi: amma adam bu gün haradadır? Hətta demokratik seçkilə hakimiyyətə gələn prezident Zelenskinin də birinci qərarı özündən əvvəlki Poroşşenkoya cinayət işi açmaq oldu: Poroşşenko haqqında da çox şey deyilir, amma o, da seçkini saxtalaşdırmadı, məğlubiyyətini etiraf etdi.
İnsafən, deyəsən, bir Yanukoviçi çıxmaqla digərləri də belə etmişdi: Kuçmanı xatırlamıram, amma Yuşşenko da belə etdi; bəli, adam uduzdu və siyasətdən getdi.
Təəccüblü olsa da, indi İrəvanda Nikol Paşinyan da çox şey etmək istəyir, özü də tək Bakı və Ankarayla sülhlə bağlı yox, eləcə korrupsiya və digər problemlərlə əlaqəli. Ən maraqlısı bilirsiniz, nədir? Paşinyan da, komandası da gələn il baş tutacaq seçkilərlə bağlı çox həyəcan və narahatlıq keçirir: kaş, belə hislər digər post-sovet ölkələrində də olaydı.
Amma çox yerlərdə hələ belə deyil, post-sovet ölkələrinin hakimiyyətləri və cəmiyyətləri hələ stabil siyasi-ictimai ənənələr zolağına çıxmayıb. Bilirsiniz, həm də niyə? Bu ölkələrdə yeni cəmiyyətlər yaranmayıb. Bir ara hamıya elə gəlirdi ki, Absurdstan və homosovetikuslar artıq keçmişdir, amma olmadı, onlar hələ qalır, dəyişən formadır. Bu vaxta qədər rus politoloqlarından oxuduğum ən ağıllı fikir bilirsiniz, nə olubdur: bu məkanda hansı partiyanı yaradırsan, yarat, bircə həftədən sonra keçmiş kommunist partiyasına çevriləcək...




