Свобода людям, независимость нациям!

Böhranlar müharibə yaradır, yoxsa müharibələr böhran?..

912 22.04.2026 11:20 Колумнисты A A

Əslində bu da olur, o birisi də: ABŞ, İsrail və İran münasibətlərini heç cür normallaşdıra bilmədilər və səhv etmirəmsə, bir aydan bir az artıqdır ki, müharibə gedir, hansını ki, oyun-moyun, “növbəti raket atəşfəşanlığı” adlandırmaq elə də asan deyil, hər şey yetərincə ciddidir, zarafatlıq bir şey yoxdur.

Bəli, böhran müharibə yaratdı, müharibəsə başqa böhranı üz çıxardı – məlum oldu ki, ABŞ-ın hər şeyə “qadir sehrli hərbi lampası” yoxdur, həm də hərbi analitiklər irəlicədən deyirdilər ki, bu dəfə “səhrada tufan” yaratmaq elə də asan olmayacaq, söhbət 80 milyondan çox əhalisi, 1600000 kv km ərazisi olan ölkədən gedir, bunların hamısı çox böyük resurslardır.

Məlum oldu ki, ABŞ-ın səfərbəredici potensialı, koalisiya yaratmaq imkanları da elə də böyük deyil, həm də ziddiyyətlər təkcə NATO daxili problemlərlə məhdudlaşmır, ən son sorğulardan məlum olur ki, hətta avropalılar ABŞ-dan daha çox ehtiyat edirlər, nəinki, məsələn, Çindən!

Belə aşkar olur ki, ABŞ-ın hətta NATO-dan kənarda hərbi koalisiya yaratmaq resursları da böyük deyil – hətta Yaponiya, nə bilim, Avstraliya kimi ölkələr daha çox kənarda qalmağa çalışırlar. Regiona gəldikdə, Vaşinqtonla birlikdə vuruşmağa hazır olan yalnız İsraildir.

“Ərəb şeyxləri”nin adından çox sözlər deyilir, di gəl, onlar da çox çətin ki, müharibə həvəsində olsunlar, onların heç biri ABŞ yana, əsas İsraili sevmirlər: hətta “İbrahim sazişi” və bu kimi layihələrdə əslində heç bir səmimiyət yoxdur.

Regionda faktiki olaraq iki demokratik ölkə var-Türkiyə və İsrail. Amma onlar demək olar ki, biri-birinə nifrət edirlər, hərçənd, hər ikisi həm də ABŞ-ın yaxın hərbi müttəfiqi hesab olunurlar. Amma görün, iş nə yerdədir ki, Ankara Tehrandan sonra növbənin ona çatacağını düşünür, hətta İsrail, Yunanıstan və Kipr arasında bunun üçün hərbi ittifaqın qurulduğunu iddia edir.

Odur ki, görün, böhran hansı həddə çatıb! Heç bir ciddi ittifaqdan-müttəfiqlikdən danışmaq olmur, hər şey müvəqqəti, ötücüdür, NATO və digər hərbi alyanslar yana, Trampdan soruşan yoxdur ki, bəs sənin Sülh Şuran necə oldu? Hanı onun “sülhyaradıcı potensialı”..

Bəli, böhranlar da həmişə nəyinsə başlanğıcı olur. Amma nəyin? Bir uzunmüddətli böhran müharibəyə gətirdi, müharibə özü də çox ciddi böhranı üzə çıxardı. Nə olacaq? Necə olacaq? “Mollar”ıın üzərriyi bu dəfə də daha təsirli oldu?

Bilmirik! Qəti söz demək çətindir. Amma daha çox adam bu düşüncədədir ki, Tramp bu dəfə də hər şeyi korladı. Bunun hələ öz birinci idarəçiliyi dövründəki Qüds hoqqasından bir şey alınmışdımı? Əksinə oldu, indi hamı onun Yaxın Şərq avantüralarında növbəti bir avantürananın – “böyük İsrail” avantürasının izlərini axtarır, özü də tək “molla” İranı yox, Türkiyə, eləcə də gizlincə ərəb monarxiyaları...

“Mollalar” İranda on illər ərzində özlərini çox möhkəmlədiblər, tək “uranı zənginləşdirmək”lə yox, hakimiyyətlərini də zənginləşdirməklə məşğul olublar – ölkə daxilındə heç bir alternativ siyasi-ictimai institut qalmayıb, yalnız xaricdə hansısa “dərnəklər” qalıbdır, bunlar da hələ də “tarixlə-filanla” məşğul olurlar, az qala, İran xaricində bircə siyasi fiqur qalıbdır, bu da Pəhləvidir!

Əlbəttə ki, qeyriləri, hətta şimallı türklər cənublulların əvəzinə qərar verə bilməz, amma, qardaşlar, yetmədimi “Səttarxan belə gəldi, Pişəvəri elə gəldi!” demək? Axı bunu sizin əvəzinizə jurnalistlər, tarixçilər də edə bilər!

Həm də bu, işin ən asanı deyilmi? Nə var bütün günü “tarixi diskussiyalar” aparmağa! Sırf “Cənub məsələsi”ni də demirik, hətta bütün İranda nəsə etmək üçün siyasi cəhətdən təşkilatlanmağın vaxtı deyilmi? Bəlkə indiki böyük böhrandan çıxacaq ən böyük nəticə elə budur? Bəlkə elə böhran da ona işarədir ki, nə Tramp, nə İsrail heç nə edə bilməyəcək, əgər İranın 80 milyonluq əhalisi özü nəsə etməyə qərar verməsə...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости